SİMA ilə vətəndaş böyük rəqəmsal imkanlar əldə edə biləcək

İnformasiya və kommunikasiya texnologiyalarının inkişafı

SİMA imzası rəqəmsallaşmanı xeyli sürətləndirmək baxımından çox əhəmiyyətlidir. Cəmi bir dəfə qeydiyyatdan keçməklə vətəndaş böyük rəqəmsal imkanlar əldə edə biləcək

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC dövlət-özəl tərəfdaşlığı çərçivəsində “SVORT” və “Sinam” şirkətləri ilə birgə SİMA adı altında bulud əsaslı yeni nəsil rəqəmsal imza hazırlayıb.  Bununla əlaqədar fevralın 11-də rəsmi şəxslərin, tərəfdaş şirkətlərin, KİV və ictimaiyyət nümayəndələrinin iştirakı ilə yeni imzanın ilkin versiyasının təqdimat mərasimi keçirilib. Bulud əsaslı yeni nəsil rəqəmsal imzanın üstünlükləri, eləcə də imzanın yaradılması zamanı istifadə olunan texnologiyalar haqqında geniş məlumat verilib. 

SİMA-nın biznes həlləri, o cümlədən brend daşıyıcıları iştirakçılara təqdim olunub. Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri Rəşad Bayramov çıxışında ölkəmizdə rəqəmsal transformasiya ilə bağlı həyata keçirilən layihələrə toxunaraq bildirib ki, SİMA görülən işlərin tərkib hissəsidir. Müşavir qeyd edib ki, yeni imza vasitəsilə elektron hökumət xidmətləri, həmçinin bank, bank olmayan kredit təşkilatları (BOKT), sığorta, mobil operatorlar, elektronika, məişət, TV və internet provayderlər, bir sözlə, elektron imza tətbiq olunan bütün sahələr üzrə xidmətlər, eləcə də məhsullar əldə etmək mümkün olacaq. Rəşad Bayramov yeni yaradılan məhsulun Azərbaycanda rəqəmsal transformasiyanı sürətləndirəcəyini, onlayn xidmətlərdən istifadəni təşviq edəcəyini deyib. “AzInTelecom” MMC-nin idarə heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Elxan Əzizov yaxın zamanda vətəndaşların istifadəsinə veriləcək SİMA-nın hər kəs üçün əlçatan olacağını deyib. Elxan Əzizov bildirib ki, mobil tətbiq vasitəsilə işləyən SİMA-nı mobil cihaza endirmək və bir dəfə qeydiyyatdan keçmək kifayətdir. Məhsulun innovativliyinə toxunan qurum rəhbəri əlavə edib ki, SİMA rəqəmsal transformasiyanın bütün qollarını – dövlət, əhali və biznes istiqamətlərini əhatə edir.  

“AzInTelecom”un kommersiya direktoru Ruslan Əliyev yeni məhsulla bağlı geniş məlumat verib. R.Əliyev bildirib ki, üztanıma, “açıq açar” və bulud texnologiyalarını özündə birləşdirən SİMA biometrik autentifikasiyaya əsaslanır. İstifadəçinin mobil tətbiqlə skan etdiyi şəxsiyyət vəsiqəsinin həmin şəxsə aid olub-olmadığı test edilir. Test əməliyyatı mobil cihazın veb-kamerası vasitəsilə üztanıma əsasında canlı şəkildə həyata keçirilir. Şəxsiyyət vəsiqəsindəki məlumatlar həmin şəxsə aid olduqda istifadəçiyə imza sertifikatı təqdim edilir, əks halda isə sorğuya imtina cavabı verilir. Qeyd olunub ki, SİMA-nın həm vətəndaşlar, həm də xidmət təklif edənlər üçün bir sıra üstünlükləri var. Bunlara maliyyə xərclərinin azaldılması, vaxt və sənəd itkisinin qarşısının alınması daxildir. SİMA-nın istənilən sistemə inteqrasiya oluna bilməsi, həmçinin avtomatlaşdırılma istifadəçilərə sürətli və istənilən sayda imzalama imkanı qazandırır. R.Əliyevin sözlərinə görə, yeni nəsil rəqəmsal imzaya biometrik məlumatların və bulud texnologiyalarının vasitəsilə əməliyyatların aparılması kimi imkanlar inteqrasiya olunub. 

"Bu mobil tətbiq vasitəsilə istənilən vətəndaş evdən çıxmadan istənilən rəqəmsal imzanı, eləcə də bank və qeyri-bank təşkilatlarının, digər strukturların xidmətlərini əldə edə bilər", - deyə o bildirib. Tədbirdə yeni nəsil rəqəmsal imzanın əldə edilmə proseduru canlı şəkildə nümayiş olunub. “SINAM” IT şirkətinin prezidenti Elçin Əliyev qeyd edib ki, Azərbaycanda rəqəmsal imza bütün sahələrdə istifadə olunur, texnologiyaların inkişafı isə yeni standartlar tələb edir: "Ona görə də biz Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, “AzInTelecom” və SVORT şirkəti ilə birgə dünya standartlarına cavab verən yeni nəsil rəqəmsal imza hazırlamışıq. Son 20 il ərzində biz dövlət-özəl tərəfdaşlığı çərçivəsində bu layihənin inkişafı üzərində işləmişik. Bu il SİMA yeni nəsil rəqəmsal imza layihəsinə "Face to Pay" üz cizgilərindən istifadə etməklə ödəniş imkanını inteqrasiya etmək də planlaşdırılır. 

Azərbaycan İnternet Forumun prezidenti, Multimedia Mərkəzinin direktoru Osman Gündüz “Şərq”ə açıqlamasında SİMA – yeni nəsil rəqəmsal imzanın tətbiqinin innovasiyalara çıxış imkanlarını genişləndirəcəyini bildirdi:  

- Mən də SİMA-nı aktivləşdirdim. Hələlik həm İOS, həm də Android üçün SİMA-nın beta versiyası aktivdir. Qeydiyyatda biometrik məlumatlar və video eyniləşdirmədən istifadə olunur. Şəxsiyyət vəsiqəsi skan olunur. Eyniləşdirmə mobil cihazın veb-kamerası vasitəsilə üztanıma əsasında canlı şəkildə həyata keçirilir. Bəzi xırda çatışmazlıqlar olsa da prosesi keçmək asandır. Çətinliklərin aradan qaldırılması üçün də təkliflərimizi təqdim etmişik. Düşünürəm ki, heç bir mobil nömrəyə - SİM karta bağlı olmayan, ödənişə, hər hansı kağız sertifikat və ya müqaviləyə, harasa getməyə ehtiyac olmadan əldə edilən SİMA imzası rəqəmsallaşmanı xeyli sürətləndirmək baxımından çox əhəmiyyətlidir. Cəmi bir dəfə qeydiyyatdan keçməklə vətəndaş böyük rəqəmsal imkanlar əldə edə biləcək.

Əgər qısa zamanda SİMA  vətəndaşda, dövlət sektorunda  və biznes qurumda olsa rəqəmsal transformasiyada böyük uğurlar əldə etmək mümkün olacaq. Hələlik bu imzaya inteqrasiya olunan xidmətlər demək olar ki, yoxdur. Ümid edirəm, RİNN  VXSİ Dövlət Agentliyi və EHİM ilə birgə  tez bir zamanda mövcud xidmətlərin, xüsusilə də dövlət xidmətlərinin SİMA-ya inteqrasiyası üçün ciddi işlərə başlayacaqlar.  SİMA-nın tətbiqi mövcud sektorda rəqabəti də xeyli gücləndirəcək.