Rusiya və Ukraynadakı soydaşlarımız vətənə dönərlərsə...- ““Böhran masası" qurulmalıdır”

Rusiya Ukrayna ilə mübaribəyə görə Qərbin sərt sanksiyaları ilə üzləşib. Qərb ölkələri – ABŞ, Avropa İttifaqı Rusiyaya qarşı növbəti sanksiya olaraq Rusiya Mərkəzi Bankının aktivlərini dondurmaq qərarına gəliblər. Baş verən geosiyasi gərginlik maliyyə bazarına da təsir göstərib. Rubl dollar və avroya nisbətdə sürətlə ucuzlaşıb. 

Mərkəzi Bankın valyuta ehtiyatlarına sanksiya qoyulması və onların dondurulması Rusiya üçün çox böyük zərbədir. Əlbəttə, mövcud hal ruslarla yanaşı, bu ölkədə çalışan azərbaycanlıların da sosial şəraitinin ağırlaşmasına yol aça bilər. Bir sözlə, Rusiyadan ölkəmizə göndərilən maliyyə vəsaitinin həcmi azalar, eləcə də orada çalışan soydaşlarımız ölkəmizə dönər ki, bu da müəyyən çətinliklər yaradar. 

Rusiyada yaşayan azərbaycanlıların taleyi ilə bağlı 'Sherg.az"a açıqlama verən iqtisadçı - ekspert Natiq Cəfərli bildirib ki, soydaşlarımızın geri dönməsinə Azərbaycan hələ hazır deyil:

"Ukraynada da 300 minə yaxın soydaşımız yaşayır. Onların təhlükəsizliyinə dair narahatlıq mövcuddur. Bir qismi ölkəmizə qayıda bilər. Söhbət on minlərlə azərbaycanlıdan gedir. Rusiyada təxminən 1,5 - 2 milyon soydaşımız var. Onların   ölkəyə göndərdiyi vəsait Azərbaycanın sosial problemlərinin həllində mühüm rol oynayır.  Ən maksimal həddə  2012-2013- ci illərdə çatıb. Az qala  4 milyona yaxın  dollar  vəsait daxil olurdu.  Son zamanlar azalmışdı. Ailələrə ortalama təqribi 1 milyard dollara yaxın vəsait gəlirdi, indi isə kəskin azalacaq".

Ekspertin sözlərinə gərə, rublun dəyərdən düşməsi onların gəlirlərinə də mənfi təsir göstərəcək:

"İş yerləri qapanır. Soydaşlarımız əsasən xidmət sahəsindəki ticarətdə çalışır. Bu da gələcəkdə həmvətənlərimizin işsiz qalması ilə, ən azından bir qisminin vətənə  dönməsiylə nəticələnəcək. 

Onsuz da Azərbaycanda işsizlik, orta və kiçik sahibkarlıq üzrə problemlər müşahidə edilir. Normal fəaliyyət üçün qanunların, qaydaların yenilənməsinə ehtiyac duyulur. Bütün məqamlar vətənə qayıdan soydaşlarımızın burda biznes qurmaq imkanlarını məhdudlaşdıran amillərdən birinə çevirir. 

Təcili olaraq Nazirlər Kabineti yanında  "böhran masası" qurulmalıdır.  Ukraynada,   Rusiyada yaşayan soydaşlarımızın problemlərini  həlli ilə bağlı  kompleks tədbirlər həyata keçirilməlidir".