Rusiya Ukrayna müharibəsi dünyaya təsirsiz ötüşmür. Qərb ölkələri Rusiyadan neft və qazın alışını azaltmaq və tamamilə durdurmaq planlarını hazırlayırlar. Ötən gün Rusiyanın şah damarına zərbə endirilib. Amerika Birləşmiş Ştatları ( ABŞ ) bu ölkədən neft və qaz ixracını dayandırıb. Bir çox şirkət müxtəlif kateqoriyalar üzrə Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə başlayıb. "Intel", AMD, "Nvidia" və "Apple" kimi çip və kompüter istehsalçıları Rusiyaya məhsul göndərməyi dayandırıblar. Prezident V.Putin birjalarda dəyərini itirən rublu xilas etməyə çalışır.
Demək olar, bütün sahələrə qoyulan sanksiyalar Rusiya iqtisadiyyatını ciddi şəkildə tormozladır.
Mövcud durumu “Sherg.az”a şərh edən BDU-nun Jurnalistika fakültəsinin professoru, siyasi elmlər doktoru Sabir Məmmədli bildirib ki, gündən - günə vəziyyət ağırlaşır:
"Böyük Britaniyanın baş naziri Boris Consonun, xarici işlər naziri Liz Trassın qeyd etdiyi kimi Qərb ölkələrinin əsas məqsədi Rusiya iqtisadiyyatını dağıtmaqdır. Günah elə Rusiyadadır. Çünki o diplomatik müstəvidən əl çəkib, Ukraynaya qarşı birbaşa təcavüz aktı həyata keçirir. Vəziyyətə görə Ukraynanı, NATO - nu günahlandırma ehtimalı var. Lakin beynəlxalq hüquq normaları ilə yanaşsaq, ilkin təcavüz aktını Rusiya edib, bu baxımdan da Qərb dövlətlərinin addımları gözlənilən idi. Bir müddət əvvəl Avropa ölkələri, ABŞ rəhbərliyi, Rusiyaya dəfələrlə mesaj vermişdi. Kremlin aqressivliyinin cavabsız qalmayacağını deyirdilər. İstənilən halda Rusiya iqtisadiyyatı çöküş vəziyyətinə düşəcək, artıq proses başlayıb".
Ekspertin sözlərinə görə, bu hər bir vətəndaşa təsir edən amildir:
"Rəsmi Moskva rəhbərliyi belə çıxılmaz vəziyyətdə daha da lüzumsuz, hesablanmamış addımlara əl atır. Xarici şirkətləri milliləşdirmək məqsədi güdür. Üstəlik, əhaliyə bank hesablarından vəsait çıxarmağa icazə vermirlər. Xarici valyutadan pul köçürülməsinə limit qoyublar, bəzilərini dayandırıblar. Rusiya Bankının xaricdə olan vəsaitlərinin böyük bir hissəsinə sanksiya tətbiq edilib. Rusiyanın maliyyə sisteminə yüksək məbləğdə zərbə endirib. Neftlə dolu 6 tanker Rusiyaya geri qaytarılıb, alıcılar almırlar. Yaxın 2-3 həftə ərzində Rusiya iqtisadiyyatının çöküşü ilə nəticələnəcək. Kreml rəhbərliyi Çin vasitəsilə iqtisadi əlaqələri gücləndirmək, balans yaratmaq istəyir. Ərəb ölkələri, İranla neftlə bağlı danışıqlar aparır. Amma Çin də Rusiyanın fitvasına getmək fikrində deyil. Çin ilə Avropa İttifaqı rəhbərliyi artıq bir sıra məsələlərdə razılığa gəlirlər. Rusiyanın Çinə bel bağlaması da bir nəticə verməyəcək".