Siqaret və içkilərin qiyməti bahalaşacaq

Zərərli məhsulların istehlakının azaldılması məqsədilə qiymət artımına gedilməsi praktikası mövcuddur

   Azərbaycan ərazisinə gətirilən aksizli malların aksiz dərəcələrinin, ölkəyə idxal edilən spirtli içkilərin və tütün məhsullarının vergi rüsumlarının artırılması həmin məhsulların bahalaşmasına səbəb olacaq.  Bu barədə Trend-ə iqtisadçı-ekspert Xalid Kərimli açıqlamasında deyib. "Siqaretlərdə min ədəd üçün aksiz vergisi əvvəlki 43 manatdan 46,5 manata qaldırılıb. Bu da bir qutu siqaretdə 35 qəpik artım deməkdir. 

Bu isə siqaretlərin markasından asılı olaraq 35,50 qəpik bahalaşmaya gətirib çıxaracaq. Elektron siqaret və qəlyanlara tətbiq edilən aksizlər də həmin məhsulların qiymətini bahalaşdıracaq. Bundan başqa spirtli içkilərin də qiymətində artım gözlənilir. Əvvəl 80 faizlik spirtin bir litrinə aksiz 5,20 qəpik idisə, hazırda 6 manatdır. Bu da spirtli içkilərin qiymətinin 1 manata qədər artmasına gətirib çıxaracaq", - X.Kərimli deyib. Onun sözlərinə görə, dövlət tütün məhsulları və alkoqollu içkilərdən istifadəyə məhdudiyyət qoymaq məqsədilə aksiz dərəcəsini artırır.  

Qeyd edək ki, Baş nazir Əli Əsədovun qərarı ilə Azərbaycan ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri artırılıb. Sənədə əsasən, denaturasiya olunmamış etil spirti (80 həcm faiz və ya çox spirt qatılığı ilə), həcm faizi 80-dən az qatılığı olan denaturatlaşdırılmamış etil spirtinin aksiz dərəcəsi 5,2 manatdan 6 manata qaldırılıb. Üzüm çaxırının və ya üzüm puçallarının distillə edilməsi nəticəsində alınan spirtli tinkturaların aksiz dərəcələri 7,2 manatdan 8 manata qədər, cin və ardıc tinkturası, araq, likörlər və digər spirtli içkilər üçün aksiz dərəcəsi isə 11,2 manatdan 12 manatadək artırılıb.

İqtisadçı Fuad İbrahimov “Şərq”ə açıqlamasında qeyd etdi ki, zərərli məhsulların istehlakının azaldılması məqsədilə qiymət artımına gedilməsi praktikası mövcuddur: 

- Əhalinin böyük bir hissəsi, əsasən kişilər tütün məhsullarından çox istifadə edir, həmçinin spirtli içkilərdən də. Bu məhsulların ziyanlı olduğu da məlumdur. 

Tütün məmulatlarından istifadəyə dair qadağalar tətbiq edilsə də, azyaşlılara, yeniyetmələrə tütün məhsullarının satışı qadağan olsa da, bu qadağaların çox zaman pozulduğu da məlumdur. Praktikada belə bir yanaşma var, qiymət artımı tələbata təsir edir. 

Bu, geniş yayılmış bir alətdir. Azərbaycanda birinci dərəcəli məhsul çörək, un və un məmulatları hesab edilir, ancaq əhalinin müəyyən bir qismi üçün tütün birinci dərəcəli sinfinə aiddir. Ziyanlı məhsulların istehlakını azaltmaq məqsədilə bu cür təsir mexanizmlərindən istifadə edilir. 

Ümumilikdə isə aksiz dərəcələrinin artmasına kompleks yanaşma nöqteyi-nəzərindən baxıldıqda, burada iki nəticə əldə edildiyini görərik: aksiz dərəcəsinin artması qiymət artımına gətirib çıxarır ki, bu da öz növbəsində tələbatın azalmasına səbəb olur, paralel olaraq gəlir mənbəyi kimi daxilolmalar isə azalmır. Tələbat azalsa da, daxilolmalar azalmır. 

Öz səviyyəsində qalır, ya da daha çox mədaxil yaranır. Bu qaydada alətdən istifadə edilir.