Çörəyin qiyməti 1 manat olacaq? – Ekspert:“Qiymətlər qalxacaq” – "Ticarət müharibəsi"!

“Son illər ərzində ölkəmiz taxıl, ərzaq buğdası və yem məhsulları ilə Rusiyadan asılığını artırmaqda davam edir”

“Hazırda şimal qonşumuzdan alışımız 80 faizdən yuxarıdır. Təhlükəli durumdur,çünki Rusiya normal tərəfdaş deyil”

“Azərbaycan hökuməti alternativ satıcılar tapmalı, sahibkarlara dəstək verməlidir”


Rusiya-Ukrayna münaqişəsi dünyada ərzaq qiymətlərində bahalaşmaya yol açıb.
Azərbaycanın buğda idxal etdiyi ölkələr Rusiya, Qazaxıstan və Ukraynadır. Rusiya və Ukrayna birlikdə dünya buğda ixracının 30 faizə yaxınını təmin edirlər. Tərəflər arasında müharibə hər iki ölkədən buğda ixracının azalmasına gətirib çıxarıb. Bu, bütün dünyada müzakirə olunur. 

Məlum vəziyyətdən dolayı bəzi ekspertlər çörəyin qiymətinin 1 manata çatacağını iddia edirlər.
 Bir neçə gün öncə Rusiyanın baş naziri Mixail Mişustin iyunun 30-dək qonşu Avrasiya İqtisadi İttifaqı ölkələrinə ağ və xam şəkər ixracının, həmçinin buğda, çovdar, arpa və qarğıdalı ixracının qadağan edildiyini açıqlayıb.

İxracat qadağası uzun müddət davam edərsə, Azərbaycan da problemlə qarşılaşa bilər.

Gözlənilən ərzaq  bahalaşması ehtimalı ilə bağlı "Sherg.az"a açıqlama verən iqtisadçı-ekspert Nazim Bəydəmirli  bildirib ki, şimal qonşumuz keçən ildən un məmulatlarına məhdudiyyət qoyaraq aksiz vergisi tətbiq edib. Bu da qiymətlərin bahalaşmasını zəruriləşdirib:

"Azərbaycan hökuməti un istehsalçılarına kompensasiya vermək adıyla milyonlarla dövlət vəsaitini səmərəsiz xərclədi. Hər tona 200 dollar subsidiya verirdi. Yetərsiz olduğunun qənaətində idik. Bazar iqtisadiyyatı tələblərinə uyğun respublikamızın başqa ölkələrdən taxıl almasını stimullaşdırılmasını təklif etmişdik. Son illər ərzində ölkəmiz taxıl, ərzaq buğdası və yem məhsulları ilə Rusiyadan asılığını artırmaqda davam edir. Hazırda şimal qonşumuzdan alışımız 80 faizdən yuxarıdır. Təhlükəli durumdur,çünki Rusiya normal tərəfdaş deyil. Partnyorları ilə "ticarət müharibəsi" aparır. İndi isə Avrasiya İqtisadi İttifaqı və çətiri altındakı ölkələrə taxılın satışını qadağan edib, özündən asılı olan ölkələri daha da asılı vəziyyətə salmaq istəyir".
Ekspertin sözlərinə görə, dünya bazarında buğdanın qiyməti elə də yüksəlməyib.

"Ənənəvi şəkildə avqustda, yeni mövsümə qədər qiymətlər qalxacaq.  Azərbaycan hökuməti alternativ satıcılar tapmalı, sahibkarlara dəstək verməlidir. Problemin yaranmasına səbəb Azərbaycanın məmur sahibkarlığı, inhisarçılıqdır. Daxili bazarda bir neçə un istehsalçısı aşağı keyfiyyətli buğdanı Rusiyadan gətirib yenidən istehsal edərək monopoliya yaradıb. İqtisadiyyat Nazirliyinin borcu bazarda iştirakçıların sayını çoxaltmaq, Qazaxıstandan, həmçinin digər ölkələrdən tədarükü artırmaq, logistik imkanları tapmaqdır. Ukrayna əsas taxıl ixrac edən ölkələrdən biridir. İndi Rusiya Federasiyası orada soyqırımı həyata keçirir, dağıdır. Rusiyadan nə qədər uzaq dursaq, bir o qədər yaxşıdır".