Sanksiyalar götürüldükcə Rusiya da məhdudiyyətləri götürəcək
Martın 31-də Rusiya rublunun Azərbaycan manatına qarşı rəsmi məzənnəsi daha 9,09 faiz artaraq 0,0204 manat (1 manat=49,01 rubl) təşkil edib. Başqa sözlə, bu günə 1000 rubl 20 manat 40 qəpik olub.
"Sputnik Azərbaycan" xəbər verir ki, dünən ilə müqayisədə bu gün rubl 1 manat 70 qəpik bahalaşıb.
Martın 30-da Rusiya rublunun məzənnəsi 5,6 faiz artaraq 0,0187 manat təşkil edib (1 manat=53,47 rubl). Başqa sözlə, dünən 1000 rubl 18 manat 70 qəpik olub.
Sanksiyaların davam etməsinə rəğmən rublun bahalaşması maraq doğurur.
Bu barədə “Şərq”ə açıqlama verən iqtisadçı Xalid Kərimli bildirib ki, bu, Rusiya hökumətinin və Mərkəzi Bankının atdığı addımlar nəticəsində baş verib.
“Rusiya müharibə başlayandan bəri tətbiq edilən sanksiyalardan sonra pul bazarında məzənnəni tənzimləmək üçün çox ciddi addımlar atdı. Bu addımlar nələr idi?
Əvvəlcə məzənnənin bahalaşması ona olan tələbatı aşağı saldı. Daha sonra Rusiyada hüquqi və fiziki şəxslərin valyuta alışına 12 faizlik komissiya tətbiq olundu. Yəni bankdan valyuta almaq istəyən vətəndaş 12 faiz əlavə pul ödəməli oldu. Əlavə olaraq, fiziki şəxslər üçün valyuta alışına 10 min dollar limit tətbiq olundu. İxracatçı şirkətlərin ixracdan gələn gəlirlərinin 80 faizinin rubla çevrilmə qaydası gətirildi. Yəni xaricə satılan mallardan gələn pulun 80 faizi dərhal rubla çevrildi.
Bundan başqa qoyulan məhdudiyyətlər səbəbindən rus şirkətləri ödəniş edəndə və onlara vəsait gələndə çətinliklər yaşadılar. Bu aktivliyə mənfi təsir göstərdi. Tətbiq edilmiş sərt tənzimləmələr nəticəsində rubl sürətlə bahalaşdı.
Eyni zamanda, yaxın həftələrdə sülhün əldə ediləcəyinə dair gözləntilər və Rusiyanın ixrac gəlirlərindən birini formalaşdıran, strateji məhsul olan qazın qeyri-dost dövlətlərə rublla satılması da bu valyutanı dəstəkləyir”.
İqtisadçının sözlərinə görə, rublun bahalaşması davam etməyəcək:
“Rublun daha çox bahalaşacağını gözləmirəm. Rublun məzənnəsi sabitləşdikcə və sanksiyalar götürüldükcə Rusiya da məhdudiyyətləri aradan qaldıracaq. Yəni sərt tənzimləmələr yumsaldılacaq deyə daha çox bahalaşma olmayacaq”.