Son zamanlar bəzi ərzaq məhsullarının qiymətinin qalxması ən çox müzakirə edilən mövzulardan biridir. Belə bir ərəfədə daşınmaz əmlak bazarındakı vəziyyət diqqət çəkir.
Rusiya Ukraynada hərbi əməliyyatlara başladığı üçün bir çox dövlətlər tərəfindən sanksiyaya məruz qalır. Bu üzdən rəsmi Moskva məhsulların ixracını dayandırıb. Nəzərə alsaq ki, Azərbaycan da Rusiyadan çoxsaylı məhsul idxal edir, belə olan halda məlum proses ölkəmizə də təsirsiz ötüşmür. Azərbaycanda tikinti materiallarının qiymətində kəskin artım müşahidə olunur.
Görəsən, əmlak bazarında vəziyyət necədir?
Mənzillərin bahalaşma ehtimalı ilə bağlı əmlak məsələləri üzrə ekspert Elnur Azadov "Sherg.az"a danışıb. Onun sözlərinə görə artıq ilin əvvəlində daşınmaz əmlakla bağlı bahalaşma qeydə alınıb:
"Tikinti şirkətləri tərəfindən satılan əmlaklar son 6 ay ərzində 15-20 faiz bahalaşıb. Sözügedən durum dünyada inşaat materiallarının qiymətinin qalxmasıyla əlaqəlidir. Bazarda qiymətlərin artımı istehlakçıların imkanına görə deyil. Ümumi bazarda ikinci əl satılan evlərdə cüzi qiymət artımı var. Problem istehlakçılara təsir göstərir, alıcılara yox. Bu da alıcı - satıcı əməliyyatını azaldır”.