Kreditlərin illik faiz dərəcələrinin yüksək olması məsələsi aktualdır.Kredit götürənlər, o cümlədən sahibkarlar daim faiz dərəcələrinin çoxluğundan şikayətlənirlər. Milli Məclisin iclasında deputat Siyavuş Novruzov deyib ki, Azərbaycanda kreditlər birrəqəmli faizlərlə ödənilməlidir.
“Ümid edirəm , yeni tərkib ölkənin pul-kredit sistemini uğurla həyata keçirəcək”.
Qeyd edək ki, parlamentin iclasında deputatlar Elman Rüstəmovun Azərbaycan Mərkəzi Bankın ( AMB ) İdarə Heyətinin üzvlüyündən azad edilməsinə müsbət yanaşıb. Elman Rüstəmovun yerinə isə Taleh Kazımov seçilib.
S.Novruzovun təklifini "Sherg.az"a dəyərləndirən
bank məsələləri üzrə ekspert, iqtisadçı Əkrəm Həsənovun sözlərinə görə, kredit faizlərinin yüksəkliyinin 3 səbəbi var:
"Birincisi, sığortalanan bank əmanətləri üzrə faiz dərəcəsi 12 faizdir ki, bu da çoxdur. Banklar 10-12 faiz arası əmanət götürür, özləri də başqalarına kredit verir. Üstünə faiz qoyur, o faizə xərclər və gəlirlər də daxildir.
Bank əgər 12 faizlə əmanət qəbul edirsə, necə birrəqəmli faizlə kreditlər verə bilər? Bu, mümkün deyil. Əmanətlər üzrə faizlər yüksəkdir, burdan başlamaq lazımdır.
İkincisi, bankların vəsaiti təkcə əmanətlər deyil, eləcə də AMB-dan götürülən kreditlərdir. AMB uçot dərəcəsi ilə banklara kredit verməlidir. Uçot dərəcəsi daim 6-7 faiz arasında dəyişir. AMB 6-7 faizlə banklara kredit ayırsaydı, onda bankların da faiz dərəcələri aşağı düşərdi. Amma AMB bütün banklara belə faiz söyləmir. Ümumiyyətlə, AMB əksər banka kredit vermir. Bu sahədə inhisarçılıq var.
Üçüncüsü, banklar kredit verəndə, bir çox hallarda kredit qayıtmır, problem yaranır, məhkəməyə müraciət ünvanlanır. Məhkəmələrdə, icra şöbələrində həm rəsmi xərclər, həm də korrupsiya mövcuddur. Banklar faizi çox edirlər ki, kredit götürənlərin verdiyi pulla xərclərini bağlasınlar.
Məhkəmə sistemində vəziyyət düzəlməsə, aşağı faizli kreditlər olmayacaq.
Yeni sədr şəffaf şəkildə, qanunla işləsə müsbət irəliləyişlər əldə etmək olar. Ümidlərimiz böyükdür".