“Cərimələrin ləğvini əhali üçün indiki qiymət artımı, gəlirlərin azalması fonunda müsbət addım kimi dəyərləndirmək mümkündür”
Karantin dövründə açıq havada maska taxmayan vətəndaşlara yazılmış cərimələrin silinməsi ehtimalı yenidən gündəmdədir. Bəzi vətəndaşlar cərimə məbləğlərinin çoxluğundan şikayətlənir. Eyni zamanda pandemiya ilə əlaqədar sosial durumlarının yaxşı olmaması səbəbindən cərimələri ödəyə bilmədiklərini deyirlər.
Belə ki, Milli Məclisin deputatı Razi Nurullayev parlamentin dünənki iclasında pandemiya dövründə vətəndaşlara tətbiq olunan cərimələrin ləğv edilməsi təklifi ilə çıxış edib:
"Bizdən kasıb olan ölkələr, qonşu Gürcüstan da belə bir addım atıb. Onun üçün də parlamentin müvafiq komitəsinin bu məsələni müzakirə etməsini və plenar iclasa çıxarmasını xahiş edirəm”.
Təkliflə bağlı "Sherg.az"a danışan iqtisadçı Toğrul Maşallının sözlərinə görə, cərimələrin ləğvi adekvat addım olardı:
"Baxmayaraq ki, qaydalar indi mövcuddur, pandemiyadan çıxdıqca, cərimələrin mənası yoxdur.
Cərimələrin ləğvini əhali üçün indiki qiymət artımı, gəlirlərin azalması fonunda müsbət addım kimi dəyərləndirmək mümkündür.
Bizim dövlət büdcəmiz vergilərdən və s. formalaşır.
Cərimələrə çox diqqət yetirilir. Bu cərimələrin koronavirusla mübarizəyə xərclənəcəyi söylənilib. Bizdə belə qərarın verilməsi nadir hallarda yaşanır. Cərimələrin silinəcəyini düşünmürəm".