Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin bufetində divara yapışdırılmış elan diqqət çəkib. Elanda "bufetə kənardan yemək gətirmək qadağandır!" xəbərdarlığı yazılıb. Foto sosial şəbəkə istifadəçiləri arasında geniş müzakirə edilib.
Rəylərdə sosial şəbəkə istifadəçiləri universitet daxilində fəaliyyət göstərən bufetlərdə satılan məhsulların qiymətlərinin marketlərlə müqayisədə çox baha olduğunu bildiriblər. Bəzi tələbələr isə digər universitetlərdə də belə qadağaların olduğunu qeyd ediblər.
Məsələ ilə bağlı "Sherg.az"a danışan iqtisadçı-ekspert Natiq Cəfərli qeyd edib ki, həmin bufetlərin hansı müqavilə şərtləri ilə işləməsinə baxmaq lazımdır:
"Universitet rəhbərliyi bufeti hansısa şirkətə və yaxud da özəl şəxsə icarəyə veribsə və icarə sənədində kənardan müdaxilələrə imkan yoxdursa, bu, bir növ hüquqi status yaradır. Yox əgər universitet şəxsi mülki kimi fəaliyyət göstərirsə, bu zaman başqa hüquqi prosedurlar işə düşməlidir.
Ümumilikdə, beynəlxalq təcrübə göstərir ki, universitet bufetləri daha ucuz olur. Avropa universitetlərində tələblər üçün müəyyən yardım kampaniyaları aparılır və onlar tələbə yeməkxanalarında aşağı qiymətə normal şəkildə qidalanır. Universitet rəhbərliyi bufetləri qazanc yeri olaraq icarəyə verməməlidir.
Sosial lahiyələr hazırlanmalı , müəyyən sponsorlar tapılmalıdır.Bu tərz təşviq proqramları ilə qiymətlərin aşağı salınmasını dizayn etmək olar".