Yanacaqdoldurma məntəqələrində heç bir problem yaşanmır


Aİ-92 markalı benzinin satışında məhdudiyyətlər yarandığı haqda xəbərlər əsasən şayiə xarakterlidir

  "SOCAR Petroleum” sosial şəbəkələrdə ölkədə müxtəlif növ yanacağın satışında problemlərin yaranması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib. Şirkət bildirib ki, hazırda ölkədə hər hansı yanacaq növünün satışı ilə bağlı problem yoxdur. Qeyd edək ki, bəzi yanacaqdoldurma məntəqələrində müxtəlif növ yanacağın, xüsusilə Aİ-92 markalı yanacağın satışında problemlər yaranması barədə sosial şəbəkələrdə məlumatlar yayılıb. “SOCAR Petroleum” QSC-dən isə yayılan məlumatlara aydınlıq gətirilərək bildirilib ki, hazırda bütün yanacaq növlərinin satışı adi qaydada həyata keçirilir. “SOCAR Petroleum” QSC Azərbaycan ərazisində neft məhsullarının alqı-satqısının təşkil edilməsi və çoxsahəli nəqliyyat infrastrukturuna, beynəlxalq standartlara uyğun, keyfiyyətli təchizat xidmətinin həyata keçirilməsi məqsədilə 2008-ci ildə təsis edilib. QSC-nin 42 YDM şəbəkəsi və 11 neft terminal bazası fəaliyyət göstərir. Respublikada yeganə sıxılmış təbii qaz (CNG) terminalı və CNG şəbəkəsi olan QSC, ekoloji baxımdan təmiz olan CNG yanacağının tətbiqində liderdir. “SOCAR” brendi ilə fəaliyyət göstərən YDM-lərdə hər bir müştəri üçün yanacağın həcm dəqiqliyini yoxlamaq imkanı və digər üstünlüklər var.

  Əgər yayılan məlumatlar həqiqətdirsə, yanacaqdoldurma məntəqələrində yanacağın satışı ilə bağlı niyə problem yaranıb? 
  Məsələyə münasibət bildirən iqtisadçı Fuad İbrahimov “Şərq”ə açıqlamasında qeyd etdi ki, bu gün (dünən) səhər saatlarında yanacaqdoldurma məntəqəsində avtomobilinə yanacaq doldurub və hər hansı problemlə qarşılaşmayıb: 

- Şəxsən mən hər hansı problem yaşamadım, görmədim. Ola bilər hansısa yanacaqdoldurma məntəqəsində problem yaransın, lakin bu, individual xarakterli olacaq. Yanacaq satışında kütləvi, bir neçə yanacaqdoldurma məntəqəsini əhatə edən problem olduğunu düşünmürəm. Texniki qüsur da ola bilər. Mümkündür ki, yanacaqdoldurma məntəqələrindən hansındasa təchizat problemi yaranıb. Bu da sırf həmin yanacaqdoldurma məntəqəsiylə bağlı olacaq. Yəni burada yanacaqdoldurma məntəqələri şəbəkəsindən danışmaq mümkün deyil. Yanacaq satışında problem yaranıbsa, fərdi xarakterlidir. 
  F.İbrahimov bildirdi ki, ümumiyyətlə, avtomobil yanacağı təminatı ilə bağlı ölkədə problem olmamalıdır: - Neft məhsullarının təchizatı ilə bağlı infrastruktur kifayət qədərdir. Məntəqələrin yanacaqla təmin edilməsi üçün də kifayət qədər potensial, ehtiyat var. Anbarlar, məntəqələr var. Daşınmada da problem yoxdur. İdxalda da həmçinin. Yanacaq ehtiyatının azalması, yaxud qiymət artımı ilə bağlı da hər hansı məlumat verilməyib. İstehsal prosesi qaydasındadır. Yəni hazırda problemə səbəb olacaq bir səbəb yoxdur ortada. Ona görə də hesab edirəm ki, yanacaqdoldurma məntəqələrindən Aİ-92 markalı benzinin satışında məhdudiyyətlər yarandığı haqda xəbərlər əsasən şayiə xarakterlidir. Hansısa yanacaqdoldurma məntəqəsində günün hansısa saatında problem yaranıbsa, bu da qeyd etdiyim kimi, böyük ehtimalla, fərdi xarakterli olub. Bəlkə də təchizatı vaxtında icra edə bilməyiblər. 

  İqtisadçı qeyd etdi ki, fəaliyyətdə olan bütün yanacaqdoldurma məntəqələri ehtiyatlarını Bakı Neft Bazasından alır. Hər bir yanacaqdoldurma məntəqəsinin yeraltı rezervuarı var, bilirlər ki, nə qədər ehtiyatları var. İşlər elə qurulmalıdır ki, anbarda daim yetəri qədər ehtiyat yanacaq olsun. Ehtiyatlar sıfırlanmasın, çünki anbarları təchiz etmək vaxt aparır və belə vəziyyətdə satışda da problem yarana bilər.