Odessa limanında 6 milyon ton taxıl qalıb

 Bir çox ölkələr problemdən çıxış yolları axtarır

  Rusiyanın Ukraynaya hərbi təcavüzü dünyada taxıl qıtlığına da səbəb olub. “Şərq” “NTV.com.tr”yə istinadən bildirir ki, hazırda Ukraynanın Odessa şəhərinin limanlarında 6 milyon taxıl ehtiyatı saxlanılır. Bu barədə "Anadolu" Agentliyi xəbər verib. Xəbərdə bildirilir ki, Ukrayna hökuməti qlobal taxıl böhranının aradan qaldırılmasında Türkiyənin fəaliyyətini müsbət dəyərləndirir. Odessa bölgəsi üzrə müşavir Yuri Dimçenko Türkiyəyə göstərilən səylərə görə təşəkkür edib. Y.Dimçenko deyib ki, davam edən müharibə və dənizdəki minalar təhlükəsi Odessa limanlarını fəaliyyətsiz hala salıb

Limanlar bağlanıb. Bu da digər ölkələrə taxıl ixracında ciddi problemlər yaradır. Hazırda Odessa limanlarında milyonlarla ton taxıl qalıb. Mikolay şəhərinin limanlarında da taxıl qalmaqdadır. Ölkənin dəmiryolları depolarında, fermerlərin anbarlarında da taxıl ehtiyatı toplanıb. 

Lakin müharibə şəraiti taxılın ixracını ləngidir. Ukrayna Dunay çayı vasitəsilə az miqdarda taxılı Rumıniyaya, oradan da Polşaya ixrac edə bilir. Lakin çayda çox kiçik, 3-5 min tonluq gəmilər hərəkət edə bilir. 

Bu isə ölkələrin taxıl ehtiyacını ödəyə bilmir. Hazırda bir çox ölkənin Ukrayna taxılına ehtiyacı var. Ölkələr problemdən çıxış yolları axtarır. Bu işdə Türkiyənin səyləri isə yüksəkdir. 

Qeyd edilir ki, 24 fevraldan bugünədək Ukrayna limanlarında və anbarlarda ümumilikdə 20 milyon ixraclıq taxıl qalmaqdadır.