Amma bu layihənin biznesin inkişafına təkan verməsi üçün ilk növbədə mövcud vəziyyəti dəyərləndirmək lazımdır
Qonaq evlərinin olması turistin ora gəlməsi demək deyil. Burada qiymətlər, xidmətlər, insanların qonaqpərvərliyi ürək açmalıdır
Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi
“Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” layihəsinin növbəti mərhələsi çərçivəsində turizm potensialı yüksək olan Quba, Qusar, Xaçmaz, Şəki, Zaqatala, Qax, Lənkəran, Astara, Lerik rayonlarında kənd qonaq evləri kimi fəaliyyət göstərəcək yeni sahibkarlıq subyektləri yaradılır.
Layihə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Dövlət Turizm Agentliyinin dəstəyi ilə həyata keçirilir. Bu layihə kənd turizminin inkişafı, yeni sahibkarlıq subyektlərinin yaradılması, əhalinin özünüməşğulluğunun təmin edilməsi və yerli icmaların rifahının yaxşılaşdırılması məqsədilə həyata keçirilir.
Kəndlərdə məşğulluğa dəstək məqsədi daşıyan layihənin yeni mərhələsində həmin rayonlarda turistlər üçün kənd qonaq evləri kimi fəaliyyət göstərəcək 50 sahibkarlıq subyektinin təsis olunması nəzərdə tutulur.
Bunun üçün ilk növbədə uyğun namizədlərin seçimi aparılıb və onlar turizm-xidmət sahələri üzrə müvafiq biliklərə yiyələnmələri üçün təlimlərə cəlb olunub. Turizm obyekti kimi istifadə olunacaq ərazidə də təmir işləri aparılıb.
Son mərhələ olaraq bu günlərdə həmin namizədlərə Dövlət Məşğulluq Agentliyi tərəfindən özünüməşğulluq proqramının aqroturizm zərfi üzrə qonaq evi üçün lazım olan avadanlıqların (divan, kreslo, stol-stul və yataq dəstləri, mebel avadanlıqları, soyuducu, kondisioner, mətbəx ləvazimatları, televizor və s. verilməsinə başlanıb.
Qeyd edək ki, layihənin ilk mərhələsi olaraq ötən il İsmayıllı rayonunda 15 kənd qonaq evi yaradılaraq avadanlıqlarla təchiz olunub. 15 ailə üzrə 40 nəfərə yaxın qadın və gəncin məşğulluğu təmin edilib. Həmçinin 300-ə yaxın kənd sakini sahibkarlıq və özünüməşğulluq imkanları barədə məlumatlandırılıb.
Bəs Azərbaycanda bu layihə özünü doğruldacaqmı?
Mövzu ilə bağlı fikirlərini "Şərq"lə bölüşən iqtisadçı-ekspert Rauf Qarayevin sözlərinə görə, turizm potensialı yüksək olan rayonlarda qonaq evlərinin yaradılması əla təşəbbüsdür:
“Amma bu layihənin biznesin inkişafına təkan verməsi üçün ilk növbədə mövcud vəziyyəti dəyərləndirmək lazımdır. Yəni ilk növbədə həmin bölgədə sahibkarlığa icra hakimiyyəti tərəfindən münasibəti, icra hakimiyyətlərinin sahibkarlarla bağlı qarşılıqlı dəstək əlaqələri dəyərləndirilməlidir.
Bundan əlavə təhlükəsizlik baxımından yerli mühafizə bölmələrinin və sahibkarlığa dəstək ola biləcək digər qurumların iş prinsipi nəzərdən keçirilməlidir. Yəni yalnız ondan sonra bu layihələrin effektli və effektsiz olmasını bilmək olar. Çünki yuxarıdakı amillər 70-80 faiz iş prinsipinin həlli prosesini müəyyən edə biləcək amillərdi. Artıq sahibkar və ya sahibkarlıqla məşğul olmaq istəyən şəxs tam arxayın olduqdan sonra KOBİA-nın layihəsinə qoşula bilər. Qeyd edim ki, işin uğurlu olması üçün əksər halda yük bu işi başlayanın əlaqələrinin üstünə düşür. Əgər onun əlaqələri, ona mane olan amillərə təsir imkanları varsa, bu halda o, işin effektini az da olsa görə biləcək”.
İqtisadçının sözlərinə görə, qonaq evləri tək dağ rayonunda deyil, həm də aran rayonlarında yaradılmalıdır. Bununla bağlı Dövlət Turizm Agentliyində geniş təkliflə bağlı məktub göndərmişəm və gələcəkdə bu məsələyə baxılacağı qeyd edilib:
“İsmayıllıda qonaq evlərinin effektiv olması üçün qiymətlər münasib olmalıdır. Təəssüf olsun ki, İsmayıllının Lahıc kəndində qiymətlər əl yandırandır. Yəni turist bir dəfə ora gələndə bütün xidmətlərə pul ödəməlidir. Pulsuz heç nə qalmayıb. Qonaq evlərinin olması turistin ora gəlməsi demək deyil. Burada qiymətlər, xidmətlər, insanların qonaqpərvərliyi ürək açmalıdır. Adi bir elektron bir TV ustasına xarab olmuş televizorunu aparanda o sənə xoş üz göstərmədikdə bir də ora getmirsən. Bundan əlavə qiymət münasib olmayanda və sair amillər sənin ürəyincə olmayanda oranı tərk edirsən. Xidmət sahələrinin inkişafı tək qonaq evlərinin olmaması ilə kifayətlənməməlidir. Hesab edək ki, turistlər ora cəlb edildi, amma onların xidmət, keyfiyyət səviyyəsi ürəyincə olmalıdır. Bu halda reklam anti reklama çevrilir. Gedən başqasına deyir ki, ora münasib yer deyil və səbəbini də izah edir. Nəticədə layihə baş tutmur, qoyulan vəsait puça uğrayır. Özünüməşğulluq proqramı effekt vermir. Turizm sahəsi elədir ki, burada adi taksi sürücüsü belə insanlarla mülayim davranmalıdır, apardığı qiymət ürəkaçan olmalıdır, gülərüz olmalıdır. Təəssüf olsun ki, bizdə turizm sahəsində çox axsamalar var. Baxmayaraq ki, təbiətimiz imkan verir ki, ölkəni turizm ölkəsi kimi tanıdaq. Ola bilər bunun başlıca səbəbi bəlkə neft ölkəsi olmağımızdır. Hər halda görünən odur ki, hələ çox işlər görülməlidir”.
Ekspert qeyd edib ki, kənd qonaq evlərinin oteldən əsas üstün cəhəti onun təbiiliyindədir:
"Türkiyədə də buna bənzər evlər mövcuddur. Trabzonun Akçaabat bölgəsində belə kəndlər 1998-ci ildən fəaliyyətə başlayıb. Turizmin inkişafı baxımından həmin ərazilər olduqca münasibdir. Qeyd edim ki, qonaq evlərinin bir çox üstünlükləri var. Birincisi, şəxs dövlət tərəfindən öz evinin təmiri üçün dəstək alır.
Bundan əlavə ona müəyyən lazımi avadanlıqlar verilir ki, orada gəlib qalan qonaq özünü öz evindəki kimi hiss etsin. Bundan əlavə, həmin kəndliyə qonaqları qəbul etmək üçün təlimlər keçirilir. Digər hal evin sakininin ərazini yaxşı tanıması və adət-ənənələrini bilməsi qonağa əlavə məlumatların verilməsində köməklik edir. Elə ərazilər var ki, orada otellərin, villaların tikilməsi mümkün deyil.
Landşaft buna imkan vermir. Bu baxımdan da həmin ərazidə turistlərin qalması üçün qonaq evləri mövcud olmalıdır. Ən yaxşı qonaq evi isə yerli əhalinin gəlirinin, yəni şəxsin öz evini icarəyə aşağı qiymətlə (otellərə nisbətən aşağı qiymətlə) verməsidir. Bildiyiniz kimi, dağ kəndlərində insanlar əsasən maldarlıqla məşğul olurlar. Bunlar üçün də geniş yaylaqlar lazımdır. Qonaq evləri maldarlıqla məşğul olmağa imkanı olmayan şəxslər üçün də əlavə şərait yaradır.
Digər bir amil dağ kəndlərinin infrastrukturu turizm sahəsinə daxildirsə, abadlaşması, qaz, işıq xətlərinin yenilənməsi, yol infrastrukturunun yaxşılaşdırılmasına da təkan verir. Bu baxımdan kənd qonaq evləri həm kəndli, həm də buna dəstək olan dövlət üçün effektli hesab olunur".