Bakı ətrafı bağ evlərinə də əvvəlki illərdəkindən fərqli olaraq, tələbat azdır
Hazırda kirayə bazarında mənzillərə tələbat yüksək deyil. Paytaxtda həm kirayə, həm də mənzil satışı bazarında durğunluq yaşanır.
Əmlak eksperti Elnur Azadovun “trend.az” a açıqlamasına görə, bu mövsümdə həmişə belə olur. Durğunluğun səbəbi tələbələrin dərslərinin bitməsiylə əlaqədar öz rayonlarına qayıtmasıdır: “Yəni bir çox hallarda mövsümi xarakter daşıyır: “Hazırda kirayə mənzil fondunun 20 faizi boşalıb. Lakin qiymətlərdə heç bir dəyişiklik yoxdur. Təxminən avqust ayının axırında paytaxta tələbə axını ilə bağlı kirayə mənzil bazarında qiymət artımı gözlənilir”.
Əmlak eksperti Elnur Fərzəliyev isə hesab edir ki, kirayə evlərinin bir hissəsi boş olsa da, universitetə yeni qəbul olan, bölgələrdə yaşayan tələbələrin valideynləri də indi bu mənzillərlə maraqlanmağa başlayıblar. Hər il ənənəvi olaraq bu məsələ problemə çevrilir – tələbələrin ev tapması getdikcə daha da çətinləşir.
Köhnə binalar sökülür, hər dəfə bu proses baş verəndə həmin binalardakı mənzillər kirayə bazarından çıxmış olur. Başqa bir tərəfdən orada yaşayan sakinlər özləri kirayəyə çıxırlar - ən azı 2-3 il müddətinə. Onun yerində tikilən binalar isə təzə olduqlarına görə qiymətləri də köhnə binalara nisbətən təxminən iki dəfəyə qədər baha olur.
Ekspert indiki dövr üçün kirayə mənzil bazarı ilə əlaqəli ciddi ajiotajın olmadığını vurğulayıb: “Bakı ətrafı bağ evlərinə də əvvəlki illərdəkindən fərqli olaraq, tələbat azdır. Çünki orada qiymətlər həmişə yüksək olub, amma artıq bağ evi kirayələmək istəyən şəxslər istirahət üçün paytaxta deyil, bölgələrə üz tuturlar.
Bu da təbii ki, bölgələrin iqtisadi vəziyyətinin yaxşılaşmasına gətirib çıxarır. Başqa bir tərəfdən əvvəlki illərdə yay aylarında daha çox Azərbaycana həm turistlər, həm də xaricdə və Rusiyada yaşayan azərbaycanlılar gəlirdi. Evi olmayanlar mənzil kirayələyirdilər və ya bağ evlərindən istifadə edirdilər.
Quru sərhədlərin bağlı olması artıq həmin insanların ölkəyə gəlməsində problemlər yaradır. Bu baxımdan o ailələr düşünürlər ki, təyyarə biletinə o qədər pul verib burada 5-10 gün qalmaqdansa, həmin qiymətə Gürcüstan və ya Türkiyədə dincəlmək olar.
Buna görə də kirayə mənzil bazarına tələbat elə də ciddi deyil. Daxili turizm bazarı çökdükcə, bu sahədə də fəsadlar müşahidə olunur”.