Bu il avqustun 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 662,3 milyon manat təşkil
edib. Azərbaycan Mərkəzi Bankı bildirir ki, bu, iyulun 1-i ilə müqayisədə 0,2 faiz çoxdur.
Bununla belə, ölkədə problemli kreditlər ilin əvvəlinə nisbətən 7,9 faiz, son 1 ildə isə 29,35 faiz
azalıb. İyulun sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 3,5 faiz
təşkil edib. Bu nisbət ötən ilin sonuna 4,2 faiz, ötən il iyulun sonuna isə 6,1 faiz olub.
Problemli kreditlərin azalmasını “Şərq” üçün şərh edən iqtisadçı Əkrəm Həsənov bildirib ki, 29
faiz azalma iki yolla baş tuta bilər, ya bu kreditlər qaytarılıb, ya da batıb: “Təcrübədən aydındır
ki, əgər 29 faiz azalma varsa, burada hər iki amil var. Bank bir hissəni müştəridən geri ala bilib,
qalan hissə isə batıb. Lakin burada hissələrin faizi göstərilmir. Təəssüflər olsun ki, statistikanı
verən qurumlar bu açıqlamanı vermir. Buna görə də burada böyük hissənin batdığına dair şübhə
yaranır. Nə qədər çox kredit qaytarılıbsa, bu o qədər yaxşı haldır. Əgər çox kredit geri alına
bilinməyibsə, yəni batıbsa, bu, bank sistemi üçün xoşagəlməzdir.
Bu məlumatın açıqlanmaması ona işarə edir ki, problemli kreditlərin xeyli hissəsi məhz batıb.
Ona görə də bu məlumatı vermək onlara sərf etmir. Çünki bu o deməkdir ki, bank sistemində
vəziyyət yaxşı deyil. Digər tərəfdən bu, başqa problemli krediti olan müştərilərə də neqativ
mesaj ötürür”.