Mənzil bazarında qıtlıq yaranıb
Elnur Fərzəliyev: "İldən-ilə binalarda kirayə verilən ucuz mənzillərin sayı azalır, qiymətlərində isə artım müşahidə edilir"
Ali təhsil müəssisələrində dərslərin başlamasına sayılı günlər qalıb. Artıq Azərbaycanın müxtəlif bölgələrində yaşayan tələbələr kirayə mənzil axtarışı ilə paytaxta üz tutur.
Paytaxtda yerləşən universitetlərdə təhsil alan, xüsusilə də ali məktəbə yeni qəbul olan tələbələr və onların valideynləri normal şəraitdə münasib qiymətə ev tapmaqda çətinlik çəkirlər. Ya qiymət bahadır, ya da evin vəziyyəti ürəkaçan deyil.
Ekspertlərin araşdırmasına görə, avqustun sonundan etibarən paytaxta tələbə axınının artması nəticəsində kirayə mənzillərin qiyməti 10 faiz artıb. Əmlak məsələləri üzrə ekspert Elnur Azadovun sözlərinə görə, hazırda paytaxtda kirayə mənzillərə tələbat çoxdur: “Kirayə mənzillərə tələbat hər il bu vaxtı artır. Bunun da əsas səbəbi paytaxtda təhsil alan tələbələrin regionlardan qayıtmasıdır. Təkliflər getdikcə azalır, tələbat artır. Ərazidən və otaq sayından aslı olaraq kirayə mənzillərin qiyməti dəyişir. Hazırda ən ucuz birotaqlı ev Bakıətrafı qəsəbələrdədir. Burada birotaqlı kirayə mənzil hazırda 300 manatdır. Metronun "Xalqlar Dostluğu" və "Neftçilər" stansiyasının yaxınlığında yerləşən birotaqlı mənzillərin qiyməti 350 manatdan 400 manata qədər artıb. Ən yüksək tələbat Yasamal rayonu və "Elmlər Akademiyası" metro stansiyasının ətrafıdır. Bu ətrafda birotaqlı mənzilin aylıq kirayə haqqı 400 manat və daha yuxarıdır. Tələbələr arasında əsasən ikiotaqlı mənzillərə tələbat çoxdur", - deyə ekspert qeyd edib.
E.Azadov bildirib ki, qiymət artımının oktyabr ayının birinə qədər davam edəcəyi və mənzillərin qiymətinin oktyabrın 15-də stabilləşəcəyi gözlənilir”.
Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev isə “Şərq”ə açıqlamasında deyib ki, ildən-ilə binalarda kirayə verilən ucuz mənzillərin sayı azalır, qiymətlərində isə artım müşahidə edilir: “Səbəb isə paytaxtda gedən söküntü işləridir. Köhnə binaların sökülməsi həmin binalardakı ucuz mənzillərin kirayə bazarından çıxması ilə nəticələnir. Yəni pilot layihələr əsasında köhnə mənzillərin sökülməsi ucuz mənzillərə tələbatın artmasına gətirib çıxarır. Üstəlik, köhnə binalarda yaşayan ailələrin özləri və orada kirayə qalanlar əlavə yer axtarmalı olurlar. Bu səbəbdən də kirayə bazarında bahalaşma prosesi gedir. Söküntü işləri isə davamlı olaraq gedir. Əvvəllər köhnə beşmərtəbəli binalarda birotaqlı mənzil təqribən 300 manat, ikiotaqlı mənzil 400 manata idisə, həmin bina sökülür, yerində daha geniş və tam təmirli bina tikilir, həmin binada birotaqlı mənzilin kirayə qiyməti 500 manat, ikiotaqlının isə 600 manat olur. Bakıda köhnə binaların söküntüsü hələ uzun müddət davam edəcək ki, bu da mərhələli şəkildə ucuz qiymətə olan kirayəlik mənzillərin kirayə bazarından çıxmasına səbəb olacaq”.
E.Fərzəliyevin sözlərinə görə, şəhər mərkəzində “Sovetski” və digər ərazilərdə ucuz qiymətə kirayə mənzillər olurdu. Bu ərazilərdəki evlərin söküntüsü də paytaxtda ucuz kirayə mənzil tapmağı daha da çətinləşdirib:
“Ali təhsil müəssisələri yaxınlığında, Yasamal rayonu və Təbriz küçəsində 100-150 manata ümumi həyət evləri kirayəyə təklif edilirdi. Təbriz küçəsi, Qarabağ küçəsi və digər paralel küçələrin böyük hissəsi artıq sökülüb. Orada yeni binalar tikildiyinə görə, həmin ərazilərdə ucuz kirayə mənzil tapmaq çətinləşib”.
Ekspertin sözlərinə görə, bölgələrdən tələbələrin gəlişi ilə əlaqədar Bakıda kirayə mənzil qiymətləri artıb və bazarda qıtlıq yaranıb. Hər il sentyabr ayında minlərlə tələbənin bölgələrdən Bakıya üz tutması minlərlə mənzilin tələbələr tərəfindən kirayələnməsi deməkdir.
Nəzərə alaq ki, tək tələbələr deyil, Bakı sakinlərinin də bir hissəsi kirayədə qalır. Şəhərdə yaşayan yeni ailə qurmuş gənc cütlüklər də kirayə mənzil tapmaqda çətinlik çəkir. Köhnə evlərin davamlı olaraq sökülməsi insanların ucuz mənzil tapmasına çətinlik yaradır. Artıq məcburən bir otaqda 3-4, bəzən 5 tələbə yaşayır ki, kirayə pulunu ödəyə bilsinlər. Bu il ali təhsil müəssisələrinə qəbul olan tələbələrin sayı daha çox oldu. Bu da qiymətin daha çox artmasına gətirib. İyun-iyul ayları ilə müqayisədə hazırda Bakıda kirayə mənzillərin qiymətində 15-20 faiz artım müşahidə edilir. Yayda 300-350 manata olan mənzillər indi təqribən 400 manata təklif olunur”.
E.Fərzəliyevin dediyinə görə, kirayə mənzillərə əsas tələbat Yasamal rayonundadır. Çünki ali təhsil müəssisələrinin çoxu bu rayonda yerləşir.
Yasamalda ev tapmayan tələbələr hansısa metro stansiyasına yaxın ərazidə ev tapmağa çalışırlar. Bəzən qiymətlər baha olanda tələbələr Bakı ətrafında yerləşən Abşeron, Xırdalan, Masazır kimi ərazilərə üz tuturlar. Belə olanda həmin tələbənin hər gün ali məktəbə gedib-gəlməsi bir neçə saat vaxt itkisinə səbəb olur: “Yeni tikililərlə müqayisədə ümumi həyət evinin kirayə qiyməti nisbətən münasibdir. Birotaqlı həyət evi 150, ikiotaqlıların qiyməti isə 200 manatdır: "Köhnə 3-5 mərtəbəli bina evlərində birotaqlı mənzillər 300-400 manat, ikiotaqlılar 400-500 manat, üçotaqlılar isə 500-700 manata təklif edilir. Təzə binalarda isə birotaqlı mənzilin kirayə qiyməti təxminən 500 manat, ikiotaqlı mənzil 600 manatdır. Bunun üzərinə kommunal xərcləri də gələndə qiymətlər 15-20 faiz artır”.
Ekspertin fikrincə, bu problemlərin aradan qaldırılması üçün tələbə yataqxanaları mütləq şəkildə bərpa edilməlidir, ya da universitetlər bölgələrə köçürülməlidir: "Bu zaman tələbələr üçün kirayə mənzil tapmaq daha rahat olar. Əgər torpaq sahəsi varsa, köhnə yataqxanaları söküb yerində daha müasir, hüdürmərtəbəli böyük yataqxanalar tikməklə həm tələbələrin çətinliyi aradan qalxar, həm də kirayə mənzil bazarındakı problem həll olar. Bakıda universitetlərin və fakültələrin sayı artdıqca tələbələrin də sayı artır. Onların yaşaması üçün kirayə evlərin sayı isə azalır. Bu da ciddi problemlərə gətirib çıxaracaq. Bir otaqda bir neçə tələbənin qalması onların dərs oxuyarkən bir-birinə mane olmasına və nəticədə təhsillərində geriləməsinə səbəb ola bilər".