"Bakının kirayə mənzil bazarındakı vəziyyətə klassifikasiya qaydasında baxmaq lazımdır".
"Sherg.az" xəbər verir ki, bu barədə iqtisadçı Fuad İbrahimov bildirib. Onun sözlərinə görə, hazırda tələbdən çox təklif var:
"Nəticədə rəqabət mühiti formalaşır. Yəni mənzil sahibləri bu gün öz evlərini bazara çıxarırlar. Böyük rəqabətlə üzləşirlər. Tələbələrə gəlincə isə hazırda sıxlıq müşahidə edilir. Çünki onlar qrup şəklində ucuz ev axtarışındadırlar. Belə olan halda qiymətlər artır.
Məsələn, avqust ayında tələb az idi deyə çox ucuz təkliflər var idi. İndi isə hiss olunur ki, qiymətlər cədvəlində yüksəliş mövcuddur. Artıq ev sahibləri də klassik nəzəriyyənin tələblərinə uyğun, tələb və təklif arasında fərqi öz xeyirlərinə dəyərləndirirlər. Amma digər sahə üzrə daha bahalı mənzillərin verilməsində təklif daha çoxdur, nəinki tələb. Yeni tikili binalardakı kirayə evlərə isə daha çox gənc ailələr, qısamüddətli yaşamaq üçün gələn qonaqlar müraciət edirlər. Nəzərə almaq lazımdır ki, quru sərhədlər də bağlıdır. Gələn turistlərin sayı arzuolunan səviyyədə deyil. Köhnə tikili binalarda ən ucuz - bir otaqlı mənzilin kirayəsi 150 manat, iki-üç otaqlıların isə ən bahalısı 400-500 AZN təşkil edir. Lakin yeni tikililərdə qiymət diapazonu daha yüksəkdir. 450-500-dən yuxarı kirayə evlər mövcuddur".