"Hər iki-üç ildən bir müəllimlərin müavinətlərinə artım olur"

Nadir İsrafilov: "Büdcədən sosial məsələlərə ayrılan vəsaitlər artdıqca müəllimlərin maaşlarına əlavələr də çoxalır"

  Elm və təhsil naziri Emin Əmrullayevin sözlərinə görə, qarşımızdakı 5 tədris ili ərzində müəllimlərin hər biri sertifikasiyaya cəlb olunacaq. O, həmçinin  uğur qazanan müəllimlərin əmək haqqına əlavələrin veriləcəyini də qeyd edib: 

“MİQ imtahanlarından keçən, 5 il təcrübəsi olan müəllimləri yaxın günlərdə sertifikasiyaya cəlb edəcəyik. Beş il təcrübənin üç və yaxud iki ilə qədər azaldılması ilə bağlı müzakirələrə açığıq. Biz icra edən orqanıq. Qanunvericilikdə dəyişiklik olarsa da, biz buna etiraz etmərik. Bəlli bir müddətin olmasının tərəfdarıyıq”.

  Nazir onu da vurğulayıb ki, Azərbaycan müəlliminin rifah səviyyəsinin qaldırılması vacibdir: 

“Təhsilimizin ən aparıcı elementi müəllimlərdir. Nazirliyin üzərinə düşən bütün öhdəliklər vaxtında icra edilməlidir. Biz müəllimlərin yanındayıq. Minlərlə müəllimimiz sentyabrdan başlayaraq əməkhaqlarında artımı hiss edəcək. Bu yolda biz mərhələlərlə Azərbaycan gələcəyinin daha bacarıqlı, hazırlıqlı olmasını görəcəyik”.

  Təhsil eksperti Nadir İsrafilov “Şərq”ə açıqlamasında  son dövrlər müəllim amilinə xüsusi diqqət ayrıldığını vurğulamaqla yanaşı,  bu sahədə atılan addımları yüksək qiymətləndirib. 

Onun sözlərinə görə, bu gün müəllim peşəsinin nüfuzunun artırılması istiqamətində Elm və Təhsil Nazirliyi tərəfindən təqdirəlayiq  işlər aparılır. Bunlardan ən vacibi də  ümumi təhsil müəssisələrində çalışan müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması və müəllim heyətinin keyfiyyətinin yaxşılaşdırılmasıdır: 

“Hər iki-üç ildən bir təhsil işçilərinin müavinətlərində artımlar olur. Bu da sübut edir ki, Azərbaycan sosial siyasət yürüdür. Büdcədən sosial məsələlərə ayrılan vəsaitlər artdıqca müəllimlərin maaşlarına əlavələr də çoxalır".

  O qeyd edib ki, dövlətimiz hər zaman müəllimlərə və təhsil işçilərinə xüsusi diqqət ayırır: 

"Xatırlayırsınızsa, 2013-cü ildə ölkə başçısı tərəfindən təhsilin inkişafı üzrə strategiya imzalanıb. Burada əsas hədəflərdən biri də müəllimin nüfuzunun artırılması idi. 

Təhsil işçilərinin nüfuzunun artırılması da onun sosial əmək şəraitinin yaxşılaşdırılmasına, maddi vəziyətinin düzəldilməsinə və sosial rifahının artırılmasına xidmət edir”.