Böyük gəlir gətirəcək

Kruiz səyahəti üçün Azərbaycanın çox geniş imkanları var

Fuad İbrahimov: "Təsəvvür edin ki, bir gəmi ilə bəlli bir qiymətə 6-7 ölkəyə səfər edilir"

  Azərbaycanda gəmi-kruiz turizmi üçün böyük potensial var. Bunu "Trend"ə Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının sədr müavini Əhməd Qurbanov deyib. Onun sözlərinə görə, hazırda dünyanın sahilyanı ölkələri kruiz turizminin inkişafına böyük önəm verirlər.  "Okeana, dənizə çıxışı olan dövlətlər üçün gəmi-kruiz turizmi əsas gəlir sahələrindəndir. Xəzər beş sahilyanı dövləti birləşdirmək baxımından kruiz turizm imkanları mövcuddur. Bundan başqa gəmi-kruiz turizmi gəlirli turizm növlərindən biridir. Xəzərsahili kruiz səfəri üçün turistlərin cəlb ediləcəyi yerlər kifayət qədərdir. Bu marşrutlar işə düşərsə ölkəmizə gələcək turistlərin sayında artım olacaq. Belə ki, Xəzər dənizində və yaxın ətrafda gəzməli-görməli yerlər kifayət qədərdir. Dənizdə adalar, enerji mənbələri və s. kimi marağa səbəb ola biləcək resurslar turistləri cəlb edə bilər", - deyə Ə.Qurbanov bildirib.

  İqtisadçı Fuad İbrahimov “Şərq”ə açıqlamasında “kruiz” səyahətinin turizmdə ən əlverişli səyahət növü olduğunu dedi: 

- Təsəvvür edin ki, bir gəmi ilə bəlli bir qiymətə 6-7 ölkəyə səfər edilir. Mən indiyədək 15 dəfə açıq okeanda səyahət etmişəm. Və sizə deyim ki, gəmi səyahəti digər heç bir səyahət növü ilə müqayisəyəgəlməz dərəcədə gözəldir, rahatdır. Həm də sərfəlidir. Gəmi səyahəti barədə turizm sektorunda çalışanlarla dəfələrlə söhbətimiz olub. Amma nədənsə, bizdə hələ də bu səyahət növü reallaşmır. Xatırladım ki, bir müddət əvvəl Rusiyanın Həştərxan vilayətinin qubernatoru da bu haqda danışmışdı. Demişdi ki, Azərbaycanla Rusiya, xüsusilə də Həştərxan vilayəti arasında kruiz əlaqəsi üçün böyük potensial var. Bu məsələ Xəzəryanı tərəfdaşlarla iki ildir müzakirə edilir. Rusiya tərəfi kruiz üçün ilkin olaraq teploxodla səyahət təklif  edir. Sovet vaxtı da Volqa çayı boyunca kruiz təşkil edilirdi. Kruiz səyahəti üçün Azərbaycanın da geniş imkanları var. Kruiz səyahətinin əlbəttə, bir çox üstünlükləri var. Bu, böyük gəlir gətirən sahədir.  Azərbaycanla digər Xəzəryanı ölkələr arasında kruiz əlaqələrinin – gəmi ilə səyahət marşrutunun açılması, ilk növbədə bölgələrin inkişafına böyük təkan verəcək. Kruiz 3 istiqamətdə təşkil oluna bilər; Şimal bölgəsi – Quba, Qusar, Xaçmaz, mərkəzi bölgə - Sumqayıt, Bakı, Salyan, Neftçala və cənub bölgəsi  Lənkəran, Masallı.  Təsəvvür edin ki, gəmi səhər  saatlarında limana yan alır və bir dəfəyə əraziyə 300-500 turist axın edir. Bu, iaşə obyektlərini də dirçəldəcək, muzeyləri, suvenir satışını da. Turistlər nəsə almaq istəyir, hədiyyə, suvenir həvəsində olurlar. Tarixi yerləri gəzirlər. Ölkəmizi, tariximizi tanıdırıq, həm də gəlir əldə edirik. Görün, ölkəyə nə qədər kapital axını baş verəcək. Həmçinin kruiz əlaqələri üçün limanlar da uyğun olmalıdır. Bu da o deməkdir ki, gəmiçilik də inkişaf edəcək, limanlar da müasir standartlara uyğunlaşacaq.  
  F.İbrahimov qeyd etdi ki, kruiz səyahət növünün qiymətləri baha olmamalıdır:
- Onu deyim ki, nəhəng laynerlərin Xəzər dənizində üzmək imkanı yoxdur.  Məsələn, dünya dənizlərində, okeanlarda üzən laynerlərlə kruiz səyahətinin qiyməti maksimum 900-1200 avro arasındadır. Amma bu laynerlərdə gün ərzində 3 dəfə yemək verilir, hər gün də bir Avropa şəhərində dayanır. Bir gün Amsterdam, bir gün Kopenhagen, bir gün Oslo... Xəzəryanı dövlətlərin kruizə cəlb edilməsi böyük iqtisadi gəlir deməkdir. Biz bu səyahət növünün tezliklə reallaşmasına çalışmalıyıq. Çünki bu, Azərbaycan üçün sərfəlidir. Amma qiymətlər də münasib olmalıdır.