Mütləq Aliment Fondu yaradılmalıdır

Öncə ehtiyac içində olan uşağı və qadını düşünməliyik
Aliment ödəməyən atanın həbsdə olması və yaxud cəzalandırılması çıxış yolu deyil

  Uşaqlara görə alimentin tutulması və ailənin saxlanılmasının digər beynəlxalq qaydası ilə bağlı Konvensiya təsdiq ediləcək. Bu, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin 2022-ci il 21 sentyabr tarixli iclasının gündəliyinə daxil olan “Uşaqlara görə alimentin tutulması və ailənin saxlanılmasının digər beynəlxalq qaydası haqqında” Konvensiyanın təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu layihəsində əksini tapıb. Komitənin iclasında Azərbaycan Respublikasının Ailə Məcəlləsində, həmçinin Əmək Məcəlləsində də dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Qanununun layihəsi də müzakirə ediləcək. 

  Qeyd edək ki, "Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilib.  Ailə Məcəlləsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən bir uşağa görə qazancın, yaxud da gəlirlərin 1/4 hissəsi, 2 uşağa görə qazancın və ya gəlirlərin 1/3 hissəsi, 3 və daha çox uşağa görə isə qazancın və yaxud gəlirlərin yarısı aliment olaraq hesablanır. Alimentin miqdarı məhkəmə tərəfindən müəyyən nüanslar nəzərə alınmaqla azaldıla və ya artırıla bilər. Aliment öhdəliyi olan şəxs işləmirsə və ya heç bir gəliri yoxdursa, bu zaman məhkəmə həmin şəxsə alimentin ödənilməsini sabit pul məbləğində təyin edir. Alimentin sabit pul məbləği uşaqlar üçün yaşayış minimumuna uyğun olaraq hesablanır. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.

  “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova “Şərq”ə açıqlamasında alimentlə bağlı ayrıca deyil, mövcud qanunlara bir sıra dəyişiklik və əlavələrin edilməsini məqsədəuyğun sayır: 

- Azərbaycan aliment ödənişi məsələsində beynəlxalq qaydaları qəbul edib mövcud konvensiyaya qoşulursa, bu, əlbəttə müsbət haldır. Lakin buna görə ayrıca qanun qəbul etməyə, məncə, ehtiyac yoxdur. Hazırda işlək olan qanunlara – Ailə Məcəlləsi, Əmək Məcəlləsi və s. bir sıra lazımi dəyişiklik və əlavələr etməklə problemin həllində irəliləyiş əldə etmək mümkündür.  Aliment ödəməyənlərə qarşı ilkin xəbərdarlıq, cərimə, daha sonra həbs qərarı verilir. Lakin bu, vəziyyətdən çıxış yolu deyil. Aliment ödəməyən atanın həbsdə olması övladına təkbaşına qulluq göstərmək məcburiyyətində qalmış qadına hansı üstünlük verir və ya onun maddi vəziyyəti bununla yaxşılaşırmı? Cəza mexanizmi olmalıdır, sözsüz. Lakin biz öncə ehtiyac içində olan uşağı və qadını düşünməliyik. Bunun üçün də sosial paketlər olmalı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Ədliyyə Nazirliyi ilə birgə işləməli, övladı ilə tənha, maddi sıxıntı içində, heç bir yerdən gəliri olmayan, aliment ödənilməsi də mümkün olmayan məhkəmə işləri barədə ƏƏSMN-yə məlumat verilməli, nazirlik də yardım etməlidir. Hesab edirəm ki, ən optimal yol, yenə də, Aliment Fondunun yaradılmasıdır. Ola bilər yeni qanun layihəsində bu əksini tapsın. Bir çox ölkələrdə Aliment Fondu institutu fəaliyyət göstərir və alimentdən məhrum qalmış uşaqlar bunun sayəsində maddi cəhətdən təmin edilə bilir. Aliment ödənilməsə cərimələrin miqdarının artırılması, əmlakın müsadirə olunması da mümkündür. Lakin bəzən müsadirə ediləsi əmlak da olmur. “Heç bir yerdə işləməyən”, “işsiz” atanı nə qədər istəyirsən cərimə et, nə faydası?! Ondansa, maddi sıxıntı içində qalmış ana və körpəni sosial paketlər sayəsində himayə etmək daha normal yanaşmadır. 
  M.Zeynalova qeyd etdi ki, alimentin ödənməsi barədə icra olunmamış məhkəmə qərarları vardır. Qonşu ölkələrdə təzyiq metodları fərqlidir. Məsələn, Rusiyada xüsusi informasiya bazası yaradılıb, aliment ödəyicilərinin adları ora daxil edilir. Bu informasiya polisə, sərhəd-keçid məntəqələrinə ötürülür.  Aliment ödəyicisi sürücü yol-hərəkət qaydalarını pozduqda, məlumat bazasında bu açıqlanır və polis tərəfindən ona xəbərdarlıq edilir. Alimentlə bağlı məhkəmə qərarı icra edilməyibsə, şəxsin ölkəni tərk etməsinə icazə verilmir: 
- Aliment ödənilməsi problemi ciddi həll tələb edir. Aliment Fonu yaradılsa belə, onun işlək mexanizmi olmayacaqsa, yenə problem həllini tapmayacaq. Bu məsələdə mütləq dövlət dəstəyi, sosial paketlərin olması vacibdir.