Kağızın bahalaşması məktəb ləvazimatlarına da təsir edib

Natiq Cəfərli: "Dünən məktəb bazarlığı etmişik və deyim ki, 30-35 faiz qiymət artımı var"

"Adi qələmlər, yapışqan, hansı ki onların istehsalında neft, yanacaq məhsullarında istifadə edilir, onların da istehsalı təşkil edilmir. Hamısını xaricdən alırıq"

  Məktəbli formaları problemi müvəqqəti də olsa həll edildi, indi qalır məktəb ləvazimatı. Ümumi qiymət artımı fonunda təbii ki, məktəb ləvazimatlarının da qiymətində az-çox artım var.  Rusiya-Ukrayna müharibəsinə görə kağızın qiymətindəki artım digər məktəb ləvazimatlarının qiymətinə də mənfi təsir edib. Mağaza müdirləri kağızın qiymətindəki artımı əsas gətirərək digər məhsulların da qiymətində artım edir. Məsələn, yerli istehsal olan 12 vərəqli dəftər ötən il 10 qəpik idi, bu il 15 qəpikdir, 40 vərəqli dəftərin qiyməti keçən il 25 qəpik idi, bu il 40-45 qəpikdir. 

96 vərəqlilər isə xaricdən idxal olunur, onların qiyməti də artaraq 1,20-1,50 manata çatıb. Qələmlərin qiyməti müxtəlifdir, baxır ölçüyə, keyfiyyətə. 20-30  qəpiyə də qələmlər var, 1 manat, 2 manat və daha baha olanı da. Rəngli qələmlər də həmçinin. Qiymətlər 1,50 başlayıb 15 manatadək qalxır. Xətkeşlər 30 qəpik-1,50 manat, pozanlar – 30 qəpik-1,50 manat, plastilinlər – 1-15 manat, pərgar dəstləri qiyməti 2-6 manat arasında dəyişir, flomasterlərin də qiyməti qalxıb. İçərisində 12 ədəd olan sadə qara karandaşların qutusu 70 qəpikdir, bəziləri iki manatadır. Rəsm albomlarının qiyməti 25 qəpik-3 manat, dəftər üzlüklərinin – 13, kitab üzlükləri 20-25 qəpik, qələmyonanlar 15-70 qəpik, fırçalar 1-3 manatdır. Ən bahalı mal isə məktəbli çantalarıdır. 30 manatdan başlayıb 60-80 manatadək olan çantalar var. Su, yemək qabları, termosların qiyməti modelinə, keyfiyyətinə, saxlama müddətinə, paslanıb-paslanmamasına görə dəyişir – 6-20 manat aralığındadır. Endirim kampaniyaları elan edən mağazalar da var. Amma belə yerlərdə keyfiyyət adətən aşağı olur. Həm də endirimlər o qədər cüzidir ki, ailə büdcəsinə əsaslı təsir göstərmir. 

  İqtisadçı Natiq Cəfərli “Şərq”ə açıqlamasında övladı üçün məktəb bazarlığı etdiyini və qiymət artımına şahid olduğunu dedi: 

- Dünən məktəb bazarlığı etmişik və deyim ki, 30-35 faiz qiymət artımı var. Problem yerli istehsalın çox az olmasıdır. Daxili istehsal az da olsa var, lakin xammal idxal olunur deyə, bu, qiymətlərə öz təsirini göstərir. Hökumət kağıza tətbiq olunan vergini ləğv etdi. Amma xammalın maya dəyərində artım var axı. Vergidən azadolma tətbiq edilməsəydi, görün qiymətlər necə qalxacaqdı. Bununla belə, xammalın maya dəyərindəki qiymət artımı qiymətləri sabit saxlamağa imkan vermir. Dolların məzənnəsi qalxdımı, bu, Azərbaycan manatının dollarla ifadəsinə də təsir edir, nəticədə qiymətlərə də həmçinin. Dünyada gedən qlobal proseslərə rəğmən yerli istehsalı təşkil etmək, artırmaq mümkündür. Ən primitiv məhsulları da biz xaricdən idxal edirik. Adi qələmlər, yapışqan, hansı ki onların istehsalında neft, yanacaq məhsullarında istifadə edilir, onların da istehsalı təşkil edilmir. Hamısını xaricdən alırıq. Az qalırlar, dərslikləri də xaricdə istehsal edib gətirsinlər. Yaxşı ki, heç olmasa dərsliklər ölkədə nəşr olunur. Məsələ belədir, ümumi inflyasiya fonunda bütün məhsullarda qiymət qalxır. Ərzaq satan məktəb ləvazimatı alır, məktəb ləvazimatı satan da ərzaq alır. Qiymət artımı birtərəfli ola bilməz. 

Bu, spiralvari prosesdir. Necə ki sürücülər deyir, “biz də çörək yeyirik, ailəmizə də bazarlıq edirik”, bütün sahələrdə belədir. Hansısa bir məhsulda qiymət artımı baş  verdisə, avtomatik olaraq digər məhsulların qiymətində də artım baş verir.