Hökumət inflyasiyanın qarşısını almaq üçün tədbirlər görür
2023-cü il üçün dövlət büdcəsinin gəlirləri və xərcləri açıqlanıb. Layihədə gəlir 5, xərclər 3 faiz artır. Maliyyə Nazirliyinin məlumatında qeyd edilib ki, 2023-cü ildə dövlət büdcəsinin gəlirləri 30 milyard 720 milyon manat proqnozlaşdırılır. Bu da 2022-ci ilin proqnozu ilə müqayisədə 1522,9 milyon manat və yaxud 5,2 faiz çoxdur.
Növbəti ildə dövlət büdcəsinin xərcləri isə 2022-ci illə müqayisədə 996,2 milyon manat və ya 3,1 faiz artımla 33 milyard 300 milyon manat proqnozlaşdırılır.
Builki sənəddə neftin bir bareli 45 dollar götürülüb. Gələn ilin layihəsində isə bu rəqəm 50 dollar təşkil edir. Hazırda dünya bazarında Azərbaycan neftinin bir bareli 95 dollardan baha satılır.
İqtisadçı-ekspert Əyyub Kərimli deyib ki, açıqlanan məlumatlara əsasən 2023-cü ildə Azərbaycanın icmal büdcəsinin gəlirlərinin 32 939,4 milyon manat, xərclərinin isə 37 883 milyon manat olacağı gözlənilir:
“Bu isə cari ilin gəlir göstəricilərinə əsasən 3 milyard 721 milyon manat və ya 10.2 faiz azalma, xərc göstəricilərinə əsasən də 2 milyard 342 milyon manat və ya 6.6 faiz azdır. Son nəticədə icmal büdcədə 4 943,6 milyon manat kəsir yaranacaq.
Gələn ilin dövlət büdcəsində təhsil bölməsi üzrə 10 proqramın həyata keçirilməsi, təhsil xərclərinin, o cümlədən dövlət sifarişi ilə ali təhsil alanların, təqaüd kvotasının artırılmasının və tələbə kreditinin maliyyə təminatı, təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi üzrə artan tələbatın qarşılanması üçün 517 milyon manat əlavə vəsaitin ayrılması proqnozlaşdırılır ki, bu da cari illə müqayisədə 13.3 faiz artım deməkdir.
Kənd təsərrüfatı sahəsi üzrə 7 proqramın həyata keçirilməsi üçün 204. 8 milyon manat və ya 20 faiz artım nəzərdə tutulub.
Ətraf mühitin mühafizəsi üzrə cari ildən 24 faiz çox əlavə vəsaitin ayrılması proqnozlaşdırılır.
İşğaldan azad edilmiş ərazilər üzrə bərpa və yenidənqurma işlərinin, böyük qayıdış planının təmin edilməsi, ərazilərdə müasir infrastrukturların, o cümlədən hərbi infrastrukturların tikintisi üçün də 3 milyarda yaxın vəsaitin ayrılması nəzərdə tutulub ki, bu da cari illə müqayisədə 9 faiz artım deməkdir”.
İqtisadçı deyib ki, gələn il əsas diqqət işğaldan azad edilmiş torpaqlarımızın bərpa və yenidənqurması və yerli kənd təsərrüfatı məhsullarının istehsalı dövlət üçün prioritet məsələ olacaq:
"Qeyri-neft sektorunun inkişafına diqqət artacaq və idxaldan asılıəlıq minimuma endiriləcək. Bir çox sahələr üzrə vergi güzəştlərinin tətbiqi də gündəmdədir. Bütün bunlar isə ərzaq təhlükəsizliyi və yerli istehsal hesabına daxili tələbatın ödənilməsinə hesablanıb. Ölkədə inflyasiya həddinin aşağı endirilməsi baxımından gələn ilin dövlət büdcəsində nəzərdə tutulan bu xərclər məqsədəuyğundur".
Ekspertin sözlərinə görə, alternativ və bərpaolunan enerji istehsalına tətbiq olunan vergi güzəştləri də bu sahənin inkişafına təkan verəcək.