"20 faizlik artım o deməkdir ki, insanların nağdsız ödənişlərə marağı artacaq"
ƏDV üzrə istehlakçılara geri qaytarmaların artırılması ilə bağlı qanun layihəsi Nazirlər Kabinetinə göndərilib.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayevanın sözlərinə görə, qanun layihəsində ƏDV üzrə istehlakçılara geri qaytarmaların artırılması ilə bağlı qaydalar müəyyən edilib. Məqsəd isə nağdsız ödənişləri, istehlakçıları stimullaşdırmaqdır.
Qeyd edək ki, iki ildən çoxdur ki, ticarət və ya iaşə obyektlərindən alınmış mallara görə ödənilmiş əlavə dəyər vergisinin (ƏDV) bir hissəsi istehlakçılara geri qaytarılır. Vətəndaşların əksəriyyəti "ƏDV geri al" sistemindən istifadə edir.
Hazırda nağdsız qaydada ödənilmiş ƏDV-nin 15 faizi, nağd qaydada ödənilmiş ƏDV-nin isə 10 faizi istehlakçıya geri qaytarılır.
İqtisadçı-ekspert Eldəniz Əmirovun “Şərq”ə açıqlamasına görə, son illər ölkəmizdə həyata keçirilən ən uğurlu layihələrdən biri məhz “ƏDV geri al”dır:
“Yəni dövlət məhz bu vasitələrlə həmin sahələrdə də qeyri-qanuni ödənişlərin, vergidən yayınmaların qarşısının alınması iqtisadiyyatın ağardılması prosesində istehlakçıların iştirakını təmin etmək istəyir. Mövcud layihənin digər məqsədi həm də nağdsız ödənişlərin stimullaşdırılmasıdır. Bunun effektini müəyyən qədər görməyə başlamışıq.
Artıq vətəndaşlarımız alış-veriş zamanı ödədikləri vəsaitin vergi qeydiyyatına alınmasında maraqlı tərəf olaraq çıxış etməyə başladı və bu sahədə kifayət qədər müsbət irəliləyiş var. ƏDV ilə bağlı statistika bu sahədə praktiki olaraq uğurlar əldə edildiyini göstərir.
“ƏDV geri al” layihəsinin tətbiq edildiyi vaxtdan 2022-ci ilin sentyabrınadək portalda qeydiyyatdan keçmiş istehlakçılara ümumilikdə 732.105.401 kassa çeki üzrə 305,5 milyon manatdan çox, təkcə bu ilin yanvar-avqust ayları ərzində isə 303.851.384 çek üzrə 133,6 milyon manatdan çox ƏDV məbləği geri qaytarılıb. Ödənişlərin leqallaşdırılması artdıqca alıcıların geri aldığı ƏDV-lərin sayı da artır. Təbii ki, burada yeni nəsil kassa aparatlarının sayının artırılması da böyük rol oynayır.
Hazırda ölkədə 740 mindən çox nəzarət olunan kassa aparatı var. Bu aparatların mövcudluğu da iqtisadiyyatın ağardılmasına ciddi töhfə verən addımlardan biridir. Yeni nəsil kassa aparatlarından istifadə edən satıcıların sayı da artmaqdadır. Yeni nəsil kassa aparatlarının dövriyyəyə girməsi ƏDV-nin geri alınması ilə bağlı proseslərdə daha çox irəliləyişə səbəb ola bilər.
Son statistikaya görə, onlayn nəzarət kassa aparatları üzərindən 15,3 milyard manatdan artıq dövriyyə həyata keçirilib. Bu da ötən ilin dövriliyi ilə müqayisədə 57-58 faiz artım deməkdir. Statistikadan da göründüyü kimi bu sahədə çox ciddi irəliləyişlər müşahidə olunur”.
Nağd qaydada ödənilmiş ƏDV-nin 5 faizə endirilib, nağdsız ödənişlərdən geri qaytarılan məbləğin 20 faizə qaldırılmasına gəldikdə isə ekspert bu təklifi doğru və təqdirəlayiq hal kimi dəyərləndirib:
“20 faizlik artım o deməkdir ki, insanların nağdsız ödənişlərə marağı artacaq. Nağdsız ödənişlərin artması isə dövriyyənin daha şəffaf olması, vergidən yayınmaların qarşısının alınmasına, nağd pul kütləsinin tədricən aradan qalxmasına və vergi yığımına əhəmiyyətli dərəcədə təsir edəcək. Şübhəsiz ki, burada vətəndaşların da ciddi mənfəətləri olacaq.
Əgər ödənən məbləğin 20 faizi, yəni beşdən biri geri qayıdırsa, deməli,18 faizlik ƏDV-nin beşdə dördü vergi olacaq. Yəni nağdsız ödəniş zamanı ƏDV 18 yox, 14,4 faiz olacaq”.