Bahalaşma ilə bağlı proqnoz vermək çox çətindir


Qiymətlərin ucuzlaşması birbaşa Rusiya-Ukrayna müharibəsinin taleyindən asılıdır

  Əhali arasında bahalaşmadan, xüsusilə ərzaq məhsullarının qiymətinin artmasından şikayətlənənlərin sayı da günbəgün  artır. Bu həftə aldığın mal-məhsul, 5 gün sonra 1-2 manat artımla təklif edilir.

  İqtisadçı-ekspert Eldəniz Əmirov isə “Şərq”ə açıqlamasında deyib ki, qlobal inflyasiya  meyillərinin getdikcə sürətlənməsi ölkəmizə də öz təsirini göstərib. Dünyanın ən aparıcı,  inflyasiyanın ən aşağı olduğu ölkələrdə belə  son 40-50 ilin yüksək inflyasiyası müşahidə  edilir. Onlarla müqayisədə bizdə inflyasiyanın bir az daha yuxarı həddə olması da təbiidir. Azərbaycanın ərzaq bazarı  idxaldan asılıdır:

 “Digər səbəb isə ölkəmizdə müəyyən sahələr üzrə süni qiymət artımının müşahidə edilməsidir. Bu, həmin sahələrdir ki, rəqabət mühiti yoxdur. Rəqabətin olmadığı sahələrdə qiymətlər bilavasitə  istehsalçılar və məhsulu idxal  edən tədarükçü şirkətlər tərəfindən müəyyən edilir. Bu sahəni dövlət nəzarətdə saxlasa da tənzimlənən qiymətlər kateqoriyasına aid olmadığı  üçün dövlətin birbaşa  müdaxilə imkanları məhduddur.  Ölkədə bahalaşmanın qarşısını almaq üçün rəqabətli mühit yaratmaq lazımdır.  Əgər vaxtında belə bir mühit formalaşdırmış olsaydıq,  bahalaşma bu səviyyədə olmazdı”. 

  Prosesin nə qədər davam edəcəyinə gəldikdə isə ekspert deyib ki, bu, birbaşa Rusiya-Ukrayna müharibəsinin taleyindən asılıdır. Dünyanın aparıcı maliyyə qurumları il başlayandan öz proqnozlarını bir neçə dəfə dəyişiblər: 

“Bunun da səbəbi müharibənin gedişatı ilə bağlıdır. Məhz bu səbəbdən inflyasiya və bahalaşmanın nə qədər davam edəcəyi ilə bağlı birmənalı proqnoz vermək çox çətindir. Ehtimala görə, 2023-cü ilin ortalarına qədər bütün dünya, o cümlədən də Azərbaycanda inflyasiya davam edəcək. 

Düşünürəm gələn ilin may-iyun aylarında müəyyən  qədər stabilləşmə müşahidə edəcəyik. Rusiya-Ukrayna müharibəsinin miqyası böyüdüyü təqdirdə isə 2024-cü ildə belə dünya iqtisadiyyatını ağır günlər gözləyir”.