Milli valyutanın rəqəmsal formasının dövriyyəyə buraxılması zərurətdir
"Düzdür, indiki şəraitdə bunun kütləvi şəkildə həyata keçirilməsi mümkün deyil, amma tədricən başlanılmalıdır"
Rəqəmsal manat dövriyyəyə buraxılarkən görülməli olan işlərdən biri insanları psixoloji olaraq bu prosesə hazırlamaq, maarifləndirmə aparmaqdan ibarətdir
Azərbaycan Mərkəzi Bankı (AMB) bu ilin sonuna qədər “rəqəmsal manat” konsepsiyasının hazırlanmasını yekunlaşdırmağı planlaşdırıb.
Bu barədə “Report”a açıqlama verən AMB-nin Baş direktoru Fərid Osmanov deyib ki, konsepsiyanın hazırlanması növbəti ilin əvvəlinə qədər yubana bilər: “Bir çox mərkəzi banklar rəqəmsal valyuta istiqamətində təhlillərini aparır. Hətta onlar müəyyən hissələri test edirlər. Azərbaycan Mərkəzi Bankı da artıq bu prosesi aktivləşdirib və beynəlxalq təşkilatların texniki yardımları çərçivəsində “rəqəmsal manat” üzrə konsepsiyanın hazırlanması üzrə işləri davam etdirir. Planlaşdırırıq ki, qısa zamanda konsepsiyanı formalaşdıraq".
Qeyd edək ki, “rəqəmsal manat” konsepsiyasının hazırlanmasına Azərbaycandakı kommersiya bankları ilə yanaşı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki “Azərpoçt” MMC də cəlb edilib.
Məlum olduğu kimi, COVID-19 pandemiyası dünya boyu onlayn və təmassız ödənişlərə marağı xeyli artırdı. Azərbaycanda da nağdsız ödənişlərin payı getdikcə artır.
AMB-nin məlumatına görə, bu ilin yanvar-avqust aylarında Azərbaycanda 14,126 milyard manat məbləğində nağdsız əməliyyat aparılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfə çoxdur.
8 aylıq məbləğin 10,621 milyard manatını elektron ticarət, 3,485 milyard manatını POS-terminallarla aparılan əməliyyatar, 0,02 milyard manatını isə bankomatlarla aparılan əməliyyatlar təşkil edib.
Ekspertlərin fikrincə, “rəqəmsal manat”ın ən böyük müsbət tərəfi pulun dövriyyəsinə nəzarət mexanizminin gücləndirilməsidir. Hara, nə qədər, kim tərəfindən ödənişlər olunur. Vergidən yayınmanın qarşısı alınır, kölgə iqtisadiyyatı aradan qaldırılır.
İqtisadçı-ekspert Eldəniz Əmirov da hesab edir ki, istənilən innovativ həllərin tətbiqi müsbət haldır: "Bəzi ölkələrdə rəsmən kriptovalyutaların tətbiq edildiyi dövrdə yaşayırıq. Buna görə də milli valyutanın rəqəmsal formasının dövriyyəyə buraxılması zərurətdir. Düzdür, indiki şəraitdə bunun kütləvi şəkildə həyata keçirilməsi mümkün deyil, amma tədricən başlanılmalıdır. İllər üzrə strategiya hazırlanmalı, zamanla birinin həcmini azaltmaq, digər tərəfin həcminin artırılması ilə proses icra olunmalıdır".
Ekspertin sözlərinə görə, beynəlxalq səviyyədə tətbiq edilən rəqəmsal innovativ həllərlə paralel Azərbaycanda da bu istiqamətdə ciddi işlər görülməlidir:
“Rəqəmsal manat dövriyyəyə buraxılarkən görülməli olan işlərdən biri insanları psixoloji olaraq bu prosesə hazırlamaq, maarifləndirmə aparmaqdan ibarətdir. Ölkəmizdə bank kartlarının sayı 10 milyonu keçib. O bank sahiblərinin əksəriyyəti marketlərin qarşısındakı bankomatdan pullarını çıxarırlar, sonra alış-veriş edib, ödənişləri nağd şəkildə həyata keçirirlər. Maaş, pensiya, digər ödənişlər köçən kimi kartdan çəkib evdə saxlayır. Ölkə əhalisinin böyük əksəriyyəti nağdsız ödənişlərə inanmır, bu və ya digər formada müəyyən etibarsızlıq nümayiş etdirirlər. Belə bir dönəmdə rəqəmsal manatın yaradılması müxtəlif prosedurları zəruri edir ki, onlardan birincisi maarifəndirmədir”.
İqtisadçının sözlərinə görə, rəqəmsal valyutanın tətbiqi iqtisadiyyatın “ağardılması”nda, kölgə iqtisadiyyatının həcminin azaldılmasında müstəsna əhəmiyyəti olacaq:
“Rəqəmsal manat”ın dövriyyəyə buraxılmasının ən böyük müsbət tərəfi pulların dövriyyəsinə nəzarət mexanizminin gücləndirilməsidir. Pula daha yaxşı nəzarət etmək üçün “rəqəmsal manat” dövlətə gözəl üstünlük verir.
Hesab edirəm ki, pul kütləsinin idarə edilməsi, monetar siyasətin həyata keçirilməsi vahid mərkəzdən aparılmalıdır ki, prosesin sistemli şəkildə idarəsi, tənzimlənməsi, koordinasiyası daha rahat və fəsadsız ötüşsün.
Bu baxımdan məsələni mütləq şəkildə Mərkəzi Bank əlində saxlamalıdır ki, hər iki qəbildən olan valyutanı idarə edə bilsin”.