Əvvəla, bu sahədə qanunvericilik bazası olmalıdır, ikincisi isə sahibkarlıq fəaliyyəti şəffaf olmalıdır
Azərbaycanda İslam bankçılığının tətbiq olunması üçün dəfələrlə təşəbbüslər edilib. Hər dəfəsində fərqli çətinliklər ortaya çıxdığı üçün işin sistemli və köklü şəkildə reallaşması mümkün olmayıb. Xüsusən də 2015-ci ildə baş verən devalvasiyadan sonra İslam bankçılığı müzakirələri bir qədər səngimişdi.
Amma millət vəkili Ceyhun Məmmədov məsələni yenidən gündəmə gətirib.
Milli Məclisin dünən keçirilən iclasında çıxış edən deputat Azərbaycanda dindar şəxslərin banklara bir o qədər də meyl göstərmədiklərini deyib. Bunun faiz məsələsinə görə olduğunu vurğulayan deputat bildirib ki, buna görə də bizim dindar insanlar öz pullarını bəzi islam ölkələrində olan islam qaydaları ilə fəaliyyət göstərən banklara yatırırlar: “Bu da bizim investisiyanın xaricə getməsinə səbəb olur. Bu gün Azərbaycanda dinə meyl artıb. Bu baxımdan da Azərbaycanda da dini qaydalarla işləyən investisiya şirkətlərinin olmasını vacib hesab edirəm”.
Deputat vurğulayır ki, ölkəmizdə İslam bankçılığına ehtiyac var. İnsan hüquqları baxımından da hər bir vətəndaşa hansı bankla işləmək istəməsinə dair seçim imkanı verilməlidir. Əgər ənənəvi banklar varsa, İslam bankçılığı niyə olmasın?
Qeyd edək ki, ənənəvi kommersiya bankı müəyyən məbləği kredit kimi verdikdən sonra nə çox, nə az, məhz həmin məbləği və hesablanmış faizləri geri almağı nəzərdə tutur. Əsas məbləği, faizləri hər hansı səbəbdən geri ala bilmədikdə kommersiya bankı müştərinin əlindən əvvəlcədən nəzərdə tutulmuş girovu alır. Şəriət qaydaları ilə işləyən banklar isə biznes krediti verdikdə şərik kimi çıxış edir. Əgər müştəri islam bankının kreditindən istifadə edərək nəzərdə tutduğundan daha çoxlu gəlir əldə edirsə, banka da müvafiq olaraq daha çox pay ödəməli olur. Yox əgər daha az qazanırsa, banka da müvafiq olaraq az ödəməli olur. Müştəri üçün islam bankının biznes kreditlərindəki üstünlüyü ondan ibarətdir ki, biznesin uğurlu alınmasa və krediti qaytarmaq mümkün olmasa, islam bankı geriyə heç nə tələb etməyəcək.
İslam bankçılığının əsaslandığı şəriət qanunları yalnız real istehsala və real aktivlərə sərmayə qoymağa icazə verir, spekulyasiyalarla işləməyi qadağan edir. Son illər İslam bankçılığının bütün dünyada populyarlaşmasının əsas səbəblərindən biri də məhz budur.
Deptatın təklifini dəyərləndirən ekspertlər isə hesab edir ki, Azərbaycanda bu sistemin tətbiqi mümkün deyil. Əvvəla, İslam bankçılığının inkişafı üçün iki şərt lazımdır. Birincisi, bu sahədə qanunvericilik bazası olmalıdır. Lakin Azərbaycanda belə bir qanun qəbul olunmayıb. İkincisi isə sahibkarlıq fəaliyyəti şəffaf olmalıdır.
Hüquqşünas, bank məsələləri üzrə ekspert Əkrəm Həsənov deyib ki, dini qaydalarla işləyən banklar səhmdar cəmiyyətlərin payını almaq və gəlir gətirən sahələrə investisiya qoymaq yolu ilə işləyir. Bu banklar qazanclarını gəlirlərdən götürür və faizli kreditlər vermirlər:
“Yəni biznes sahələrinə investisiya yatırırlar və əldə olunan gəlirə şərik olurlar. Ola bilər, bu sistem indiki bankçılığımıza uyğun gəlmir, amma şirkətlərə dəstək vermək və biznesi genişləndirmək baxımından çox müsbətdir”.
Ə.Həsənovun sözlərinə görə, Azərbaycanda dini dəyərlərlə işləyən bankların inkişafı üçün bu sahədə qanunvericilik bazası olmalıdır. Eyni zamanda sahibkarlıq fəaliyyəti şəffaf olmalıdır. Bu sahədə isə vəziyyətin nə yerdə olduğu hər kəsə bəllidir: “Qanun olmadan belə bir bankçılığın fəaliyyətindən söhbət gedə bilməz. Qonşu ölkələrdən Qırğızıstanda, Qazaxıstanda İslam bankçılığı haqqında qanun var. Sözügedən bankçılıq sələmçilik prinsipini qəbul etmir. Onların qazancı kredit verilən müştərinin gəlirinin payından əldə olunur. Azərbaycanda hansısa sahibkar belə bir kredit götürsə, çalışacaq ki, gəlirinin olmadığını göstərsin, real qazancını gizlətsin. Buna görə də İslam bankçılığı tam şəffaflığı tələb edir. Azərbaycanda isə sahibkarlıq mühiti qeyri-şəffafdır”.