Milli Məclisin iclasında Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb. Layihə ilə bağlı fikirlərini bildirən deputat Vahid Əhmədov Azərbaycanda maliyyə amnistiyasının verilməsinə ehtiyac olduğunu deyib. Onun sözlərinə görə, vaxtilə qanunsuz yollarla külli miqdarda vəsait əldə edənlər həmin vəsaitlərin böyük hissəsini xaricə çıxarıb. O vəsaitlərin ölkədə qalması, yaxud ölkəmizin inkişafına sərf olunması üçün iqtisadi amnistiyaya ehtiyac var.
Deputat həmçinin qeyd edib ki, ölkədə 10 il bundan əvvəl qanun qəbul olunsa da, bugünədək gəlir deklarasiyası tətbiq olunmur. Çünki normativ sənədlər işlənib hazırlanmayıb.
Birinci vitse-spiker Əli Hüseynli isə bildirib ki, maliyyə amnistiyası məsələsini Vahid müəllim əvvəllər də qaldırıb: “Vahid müəllim, o ölkələr maliyyə amnistiyası elan ediblər ki, orda iqtisadiyyat tam kriminallaşıb. Mən birmənalı şəkildə bildirirəm ki, bizim iqtisadiyyatımız tam sağlamlaşmağa doğru gedir”.
Gəlir deklarasiyasına gəldikdə, Ə.Hüseynli dedi ki, qanunvericilik baxımından doğru yanaşmadır. Amma bir çox ölkələr gəlir deklarasiyası versə də, korrupsiyanın səviyyəsi orda yüksəkdir. Birinci vitse-spiker dedi ki, bu qanunu qəbul etməklə qanunsuz pul köçürmələrinin qarşısını ciddi şəkildə almış olacağıq.
Maraqlıdır, maliyyə amnistiyasının Azərbaycanda qəbulu nə nəticə verəcək?
İqtisadçı-ekspert Əyyub Kərimlinin “Şərq”ə açıqlamasına görə, iqtisadi cəhətdən inkişaf etmiş bir sıra ölkələrdə bu təcrübdən istifadə edilib. Lakin hamısında maliyyə amnistiyası gözlənildiyi kimi müsbət nəticə verməyib. Təbii ki, effekt əldə edən ölkələr də olub.
Azərbaycana gəldikdə isə iqtisadçı deyib ki, maliyyə amnistiyasının verilməsi müsbət hadisə olar. Və bunun həyata keçirilməsi kölgə iqtisadiyyatının aradan qaldırılması üçün müəyyən fayda verə bilər. Maliyyə amnistiyası adətən iqtisadi aktivliyin bərpa olunmasına və investisiya qoyuluşuna müsbət təsir göstərir: "Azərbaycan reallığında bu mümkün olacaqmı? Bax, bu məsələ sual altındadır. Hesab edirəm ki, bunun üçün də müəyyən şərtlər olmalıdır. Xaricdəki vəsaitlərin leqallaşdırılması üçün həmin vəsaitlərin ölkə iqtisadiyyatında istifadə olunması tələbi qoyulmalıdır. Məsələn, əlavə iş yerlərinin yaradılması, kənd təsərrüfatının inkişafına sərmayə qoyuluşunda, işğaldan azad olunan rayonlarımızın bərpasında bilavasitə həmin vəsaitlərdən istifadəsinə dair zəmanət olmalıdır. Əks halda xaricdəki vəsaitlərin leqallaşdırılması sadəcə çirkli pulların yuyulması kimi mənfi əhəmiyyət daşıyacaq”.