Azərbaycan-Türkiyə Turizm üzrə Birgə Komissiyasının 2-ci iclası baş tutub. Toplantıda ikitərəfli turizm əlaqələrinin mövcud vəziyyəti, turizm idarəetməsi, tənzimlənməsi, təşviqi, təhsili və təlimi, marketinq, kommunikasiya və turizm məhsulları, növbəti dövr üçün birgə Fəaliyyət Proqramının hazırlanması və digər məsələlər müzakirə olunub.
Komissiya iclası Dövlət Turizm Agentliyinin sədr müavini Azadə Hüseynova və Türkiyə mədəniyyət və turizm nazirinin müavini Nadir Alpaslanın həmsədrliyi ilə keçirilib.
İclasda çıxış edən A.Hüseynova ikitərəfli turizm əlaqələrinin cari vəziyyətindən söz açaraq, gəlmə və getmə turizmi sahəsində statistik göstəricilər və fəaliyyət planı üzrə görülmüş işlər barəsində məlumat verib. O qeyd edib ki, cari ilin yanvar-noyabr ayları ərzində Azərbaycana 283 493 Türkiyə vətəndaşı səfər edib və bu, ötən ilin eyni dövrü ilə müqayisədə 60 faiz artım deməkdir.
Azadə Hüseynova növbəti dövr üçün birgə Fəaliyyət Proqramının hazırlanmasının əhəmiyyətinə toxunaraq bu proqramda turizm üzrə ixtisaslaşmış assosiasiyalar arasında əməkdaşlıq imkanlarının genişləndirilməsinə yer verilməsinin iki ölkə arasında turizm əlaqələrinə öz töhfəsini verəcəyini bildirib.
Türkiyə mədəniyyət və turizm nazirinin müavini Nadir Alpaslan öz növbəsində iki ölkə arasında bütün sahələrdə uğurlu əməkdaşlıq münasibətlərinin formalaşdığını qeyd edərək, turizm sahəsində əlaqələrin inkişaf etdirilməsi üzrə böyük imkanların olduğunu vurğulayıb.
O, çıxışında bu istiqamətdə təcrübə mübadiləsinin, qarşılıqlı fəaliyyətin və birgə təbliğat işlərinin önəminə diqqət çəkib.
Azərbaycan və Türkiyənin ortaq turizm marşrutundan "Sherg.az"a danışan iqtisadçı-ekspert Nazim Bəydəmirlinin qənaətincə, Türkiyədə turizm sektoru xeyli inkişaf edib, gəlirli sahədir:
"Tutalım, turizm şirkəti turistlərə iki ölkəyə eyni vaxtda səfər edəcəkləri barədə elan verir. Bu əsasən iki ölkənin bitişik ərazilərinə şamil edilir. Məsələn, Naxçıvanla Türkiyənin həmsərhəd vilayətlərinə marşrut tətbiq etmək mümkündür. "Ekonomik klass" adlanan maşrutlar da fəaliyyət göstərə bilər.
Azərbaycana turizm idarəetmə mədəniyyəti istiqamətində töhfə verə bilər. Turizm sektorunda inteqrasiya Azərbaycan üçün müsbət nəticələrə gətirib çıxara bilər. Qardaş ölkədən həm xidmət, həm də xidmətin keyfiyyəti cəhətdən öyrənəcəklərimiz var".
N.Bəydəmirlinin fikrincə, ölkələrin ikitərəfli turizm əlaqələri üçün sabitlik, turizm obyektlərində xidmətlərin əlçatan olması və infrastukturun genişliyi vacibdir:
"Türkiyəyə 30-40 milyon xarici turist ziyarətləri olub. Pandemiya dövründə problem yaşandı. Rusiya ilə Türkiyə arasında gərginlik olanda turizm marşrutları ləğv edilmişdi.
Azərbaycanın bölgələrinin potensialı yüksəkdir, lakin diqqət azdır. Hökumət daxili turizmin inkişafı ülün şərait yaratmalıdır. Daha doğrusu, rəqabət mühiti təmin edilməlidir.
Beş ulduzlu hotellər tikilməsindən öncə, kiçik hotellərin fəaliyyəti, avtomobil kirayəsinin ucuzlaşdırılması gərəkir. Xidmətlər optimallaşmalıdır. Azərbaycan vətəndaşlarının iqtisadi durumu zəifdir. İstirahət, turizm haqqında düşünmürlər. Turizm Azərbaycanda elitar təbəqəyə xidmət edən sektor olub.
Bu da hamı üçün əlçatan deyil. Vətəndaşların gəlirləri artmalıdır. Bu da məmur sahibkarlığının, monopoliyanın ləğvindən, rəqabət mühitinin formalaşmasından keçir".