Minimum əməkhaqqı alan bütün vətəndaşların maaşları artacaq
Ölkə əhalisinin sosial müdafiəsinin gücləndirilməsi aparılan sosial-iqtisadi siyasətin mühüm prioritetlərindən biridir. Son illərdə bu istiqamətdə ciddi irəliləyişlərə nail olunub, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, sosial ödənişlərin, əməkhaqlarının artırılması istiqamətində ardıcıl addımlar atılıb.
Ekspertlərin fikrincə, Azərbaycanda əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən siyasət mövsümi deyil, davamlı və sistemli xarakter daşıyır. Prezident İlham Əliyevin imzaladığı “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Sərəncam da davamlı və sistemli xaraket daşıyan fəaliyyətin tərkib hissəsidir. Bu Sərəncam son beş ildə artıq dördüncü sosial islahat paketinin icrasına başlanmasını, yeni ildə yeni sosial islahat mərhələsinə keçidi təmin edir.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin imzaladığı sərəncam ilə minimum əməkhaqqı 345 manata çatdırılıb. Sərəncama əsasən, minimum pensiya 280 manata çatdırılacaq, müavinət və təqaüdlər də artırılacaq. Artımlar yanvarın 1-dən hesablanacaq.
Millət vəkili Azər Badamovun sözlərinə görə, ölkə başçısının son sərəncamı sosial təminata daha çox ehtiyacı olan vətəndaşlarımızın sosial müdafiəsinin gücləndirilməsi baxımından vacibdir. 700 min vətəndaşımızı əhatə edəcək minimum əməkhaqqındakı artım üçün dövlət büdcəsindən əlavə 450 milyon manat ayrılacaq. Minimum pensiyadakı artımı da nəzərə alsaq maaş və pensiyalar üzrə artımdan 800 mindən çox vətəndaşımız birbaşa faydalana biləcəklər. Bu o deməkdir ki, hansı sektorda çalışmasından asılı olmayaraq minimum əməkhaqqı alan bütün vətəndaşlarımızın maaşları artacaq. Artımlar özəl sektoru da əhatə edəcək. Yəni yalnız dövlət sektorunda deyil, özəl sahədə də bu ildən 345 manatdan az əməkhaqqı verilə bilməz: “Əhalinin sosial rifahının yaxşılaşdırılması dövlət siyasətinin təməlində dayanır. Belə ki, pandemiyanın təsirlərinin minimumlaşdırılması məqsədilə sosial dəstək paketləri icra olundu. O cümlədən əməkhaqların, pensiya və müavinətlərin artırılması ilə əlaqədar proqramlar mütəmadi icra olunur. Təbii ki, insanların maddi təminatlarının yaxşılaşdırılması istiqamətində atılan addımlar ümumi bahalaşmaların və inflyasiyaların əhalinin rifahına mənfi təsirlərini azaldır.
Minimum əməkhaqqının artırılması bütün sferalarda işləyənlərin əməkhaqlarının artmasına müsbət təsir göstərəcək.
O cümlədən müavinətlərdə də artımlar olacaqdır. Belə sərəncamların mütəmadi imzalanmasını Prezident İlham Əliyevin siyasətinin təməlində vətəndaşların rifahının dayandığının göstəricisi hesab edirəm”.