"Unutmamalıyıq ki, boşanan şəxslərin əksəri maddi çətinlik yaşayan insanlardır"
Yanvarın 1-dən Azərbaycanda alimentin minimum miqdarı 193 manatdan 220 manata qaldırılıb.
Ailə Məcəlləsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən bir uşağa görə qazancın, yaxud da gəlirlərin 1/4 hissəsi, 2 uşağa görə qazancın və ya gəlirlərin 1/3 hissəsi, 3 və daha çox uşağa görə isə qazancın və yaxud gəlirlərin yarısı aliment olaraq hesablanır.
Alimentin miqdarı məhkəmə tərəfindən müəyyən nüanslar nəzərə alınmaqla azaldıla və ya artırıla bilər.
Aliment öhdəliyi olan şəxs işləmirsə və ya heç bir gəliri yoxdursa, bu zaman məhkəmə həmin şəxsə alimentin ödənilməsini sabit pul məbləğində təyin edir. Alimentin sabit pul məbləği uşaqlar üçün yaşayış minimumuna uyğun olaraq hesablanır. Yəni bu ildən alimentin minimum miqdarı 220 manat təşkil edir.
Bu artım cəmiyyətdə ziddiyyətli fikir yaradıb. Bir qrup şəxs hesab edir ki, alimentin artması qadınlara boşanma üçün səbəb verir. Qadınlar bir balaca dava düşən kimi boşanıb sərbəst yaşamaq istəyirlər. Məhz buna görə ailələrin dağılmaması üçün alimentin artırılmaması təklif edilir.
Digərləri isə hesab edir ki, əksinə, boşanmaların azalmasına təsir edəcək. Artıq kişilər aliment verməmək üçün ailəsinə sadiq qalacaq. Boşanmaya səbəb olacaq səhvlərdən çəkinəcək.
Maraqlıdır, alimentin miqdarı boşanma faizindəki artım və azalmaya təsir edir?
Hüquqşünas, Mediasiya Şurasının üzvü Fərhad Mehdiyev isə “Şərq”ə açıqlamasında deyib ki, ölkədəki minimum əməkhaqqı nəzərə alınarsa 220 manatlıq aliment məbləği çox yüksəkdir: “Unutmamalıyıq ki, boşanan şəxslərin əksəri maddi çətinlik yaşayan insanlardır. Belə halda deyək ki, ortalama iki uşaq kimi götürüləndə, aliment məbləğini ödəmək çətinlik yaradır. Hazırda da icra şöbələrində əsas icra edilməyən öhdəliklər arasında aliment öhdəliyi var”.
Aliment məbləği az olduğu halda tək anaların uşaqlarına necə baxacağına gəldikdə isə F.Mehdiyev deyib ki, uşağı həmişə anada saxlayırlar: “Ölkəmizdə valideynlərin boşanmasından sonra uşaqlar ananın yanında qalırlar.
Südəmər uşaqların anasında qalması normaldır, amma 5 yaşdan yuxarı uşaqları baxsın deyə ataya da vermək olar. Xaricdə valideynlərə bərabər şəkildə paylaşılır".
Millət vəkili Kamilə Əliyeva isə hesab edir ki, alimentin miqdarının artması ildən-ilə artan inflyasiya və minimum yaşayış miqdarının artması ilə əlaqədardır. Bu baxımdan alimentin də artırılmasına ehtiyac duyulur. Çünki hər bir uşağın hüququdur ki, normal böyüsün. İstər sağlamlıq cəhətdən, istər qidalanma, istərsə də digər tələbatları ödənməlidir. Bu, zəruridir. Bununla əlaqədar da valideynlər əgər aliment ödəyirsə, bu ancaq uşağın tələbatlarına xərclənir”.
Bu halın boşanmaların sayının artmasına gətirib çıxaracağına dair fikirlərə gəlincə, deputat bunları deyib: “Güman etmirəm ki, hər hansı normal ailədə alimentin verilən miqdarı çox olsa, digər ailələrin dağılması üçün zəmin yaratsın. Heç bir tərəf istəməz ki, onların ailəsi dağılsın. Hesab edirəm ki, qarşılıqlı hörmət, güzəştə getmək, dözümlülük göstərmək kimi qaydalara riayət etməklə, ailələrin dağılmasının, boşanmaların qarşısını almaq mümkün olar".