Son illər yeni salınan yaşayış ərazilərində yaşıllıq normalarına əməl edilir
"Son illər aparılan tikinti layihələrinin böyük əksəriyyətində yaşıllıqların salınması ilə bağlı qanunvericiliyin tələblərinə riayət edilib".
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
O bildirib ki, bunu 10-15 il öncə aparılmış tikintilərə şamil etmək olmaz: "Keçmişdə müəyyən sahələrdə boşluqlar olan kimi binalar tikiblər. Nəinki yaşıllıq salınması, bəzən hətta iki bina arasındakı məsafə tələbinə belə riayət olunmayıb. Lakin indi onlarla bağlı hansısa tədbir görmək mümkün deyil. Ən azından bu gün və bundan sonra buna əməl edilməsi vacib məsələdir. Çalışırıq ki, bunu təmin edək".
Ekoloq Fikrət Cəfərovun fikrincə, tikinti şirkətlərindən yaşıllıqla bağlı tələblər binanın inşasına razılıq alınarkən qoyulmalıdır. Əgər bina inşa edən şirkət ərazidə yaşıllıq üçün yer qalmırsa, əlavə sahə almalıdır:
"Mən dəfələrlə iclaslarda da şahidi olmuşam ki, Dövlət Ekoloji Ekspertiza Agentliyi tikinti şirkətinə yaşıllıq nəzərdə tutulmadığı halda layihəni dəyişdirməyə məcbur edib. İkinci dəfə layihəyə baxanda görürük ki, xeyli ərazini yaşıllıq üçün ayırıblar. Bu, 30-40 faizə çatmasa da, tikinti şirkəti layihəni dəyişdirməyə məcbur edəndə ən azı 25 faiz yaşıllıq üçün yer saxlayır".
Ekoloqa görə, ümumi götürdükdə son 10-15 ildə Bakıda yaşıllıq ərazilərinin, ictimai istirahət zonalarının sayı 20 dəfə artıb. O deyib ki, yeni salınan yaşayış ərazilərində yaşıllıq normalarına əməl edilir. Həmsöhbətimiz bildirir ki, buna misal kimi "Ağ Şəhər" layihəsini qeyd etmək olar. O deyir ki, bu layihədə hər üç-dörd binanın arasında park salınır: "Bakıda bundan sonra salınacaq yaşayış komplekslərində də bu cür normalara əməl edilməlidir ki, paytaxtda əhali sayının artması fonunda ekoloji böhran yaranmasın".