Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi
Bu, qısa müddətdə Qarabağa xarici və yerli investisiyaların cəlb edilməsinə, eyni zamanda məşğulluğun təmin olunmasına imkan yaradacaq
Qarabağın bərpası indi Azərbaycan iqtisadiyyatından ötrü ən vacib məsələlərdən biridir. Bu baxımdan, yalnız dağılan evlərin və infrastrukturun bərpası yetərli deyil. Həmin ərazilərin ölkə iqtisadiyyatıyla bütünləşməsi və insanların işlə təmin edilməsi baxımından bölgədə biznes fəaliyyətinin də bərpasına ehtiyac var. Bunun təmini üçün təşviq mexanizmləri, güzəştlər ilk ağlagələn mexanizmlərdir. Ötən ilin sonlarında "işğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" sərəncam da imzalanmışdı.
Bu ildən isə işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlara vergi təşviqləri verilib.
“İşğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 10 dekabr tarixli sərəncamı ilə işğaldan azad edilmiş ərazilərdə iqtisadi və əmək resurslarının səmərəli idarə olunması, onların emal sənayesinin və xidmət infrastrukturunun yaradılmasına yönəldilməsi məqsədilə vergi, sosial sığorta və digər güzəştlərin tətbiqi, habelə həmin ərazilərdə özəl təşəbbüslərin stimullaşdırılması, investisiya təşviqi mexanizmlərinin təkmilləşdirilməsi, istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlar üçün xammal və materialların idxalı ilə bağlı gömrük və vergi güzəştlərinin müəyyən edilməsi tapşırılıb.
Dövlət Vergi Xidmətinin əməkdaşı Anar Cabbarovun sözlərinə görə, ölkə Prezidentinin müvafiq sərəncamının icrasının təmin edilməsi məqsədilə işğaldan azad edilmiş ərazilərdə investisiya cəlbediciliyinin artırılması və sahibkarlıq mühitinin yaxşılaşdırılması üçün optimal güzəştlər və stimullaşdırıcı mexanizmlər hazırlanıb və Vergi Məcəlləsinə müvafiq dəyişikliklər edilib: “Vergi güzəştlərinin verilməsində əsas hədəf işğaldan azad olunmuş ərazilərə investisiyaların cəlbi və həmin sahəyə dövlət tərəfindən təşviqlərin verilməsidir. İşğaldan azad edilmiş ərazilər əlverişli coğrafi quruluşa və böyük istehsal potensialına malikdir. Burada həm sənayeləşmə, həm də hasilat sənayesi baxımından kifayət qədər geniş imkanlar mövcuddur. Buna görə də həmin ərazilərdə rezident kimi qeydiyyatdan keçən subyektlər digər genişhəcmli güzəştlərlə əhatə olunacaq. İşğaldan azad edilmiş ərazinin rezidentləri 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergidən azad edilib. Habelə bu azadolma ərazinin rezidentinin həmin ərazidəki fəaliyyəti ilə bağlı əldə olunan satışdankənar gəlirlərinə də şamil ediləcək.
Həmçinin işğaldan azad edilmiş ərazilərdə ƏDV ödəyicisi olan rezidentlər tərəfindən iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə texnika, texnoloji avadanlıqlar və qurğular, habelə xammal və materialların idxalı 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində ƏDV-dən azad edilib. Bu məqsədlə ƏDV-dən azad edilən iqtisadi fəaliyyət sahələri və mal nomenklaturalarının siyahısının ayrıca təsdiq edilməsi nəzərdə tutulub”.
A.Cabbarov qeyd edib ki, işğaldan azad olunmuş ərazinin rezidenti olan hüquqi şəxslərin səhmdarları və payçılarının dividend gəlirləri də 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində vergidən azad edilib: “Bu ərazilərdə iqtisadi fəaliyyətin canlandırılmasını nəzərdə tutan bir sıra digər vergi təşviqləri də təsdiq edilib. İşğaldan azad olunan ərazilərin geniş turizm potensialına malik olması nəzərə alınaraq, turizm sahəsi üzrə nəzərdə tutulan ümumi güzəştlərlə yanaşı, eyni zamanda mehmanxana xidmətlərinə görə ödənilən ƏDV-nin istehlakçılara geri qaytarılması da həyata keçiriləcək. Belə ki, bu ərazilər daxilində yerləşən mehmanxanalar (hotellər) tərəfindən göstərilən gecələmə və qalma xidmətlərinə (digər əlavə xidmətlər istisna olmaqla) görə nağdsız qaydada ödənilmiş ƏDV-nin 30 faizi, nağd qaydada ödənilmiş ƏDV-nin isə 5 faizi fiziki şəxs olan istehlakçılara geri qaytarılması nəzərdə tutulur. ƏDV-nin geri qaytarılması prosesi bu sahəyə, bizneslə yanaşı, vətəndaş marağının da artırılmasına səbəb olacaq.
Vergi azadolmaları bir sıra fəaliyyət növləri və əməliyyatlara şamil edilməyəcək. Belə fəaliyyət və əməliyyatlara maliyyə xidmətlərinin göstərilməsi, avtonəqliyyat vasitələri ilə yükdaşıma xidmətləri və dövlət büdcəsinin vəsaitləri hesabına podratçı (işğaldan azad edilmiş ərazi daxilində istehsal fəaliyyətini həyata keçirən rezident podratçılar istisna olmaqla) tərəfindən malların (işlərin və xidmətlərin) təqdim edilməsi daxildir. Bütövlükdə, Vergi Məcəlləsində edilmiş dəyişikliklərlə işğaldan azad olunmuş ərazilərdə real sektorun bütün sahələri, yəni ticarət, xidmət, istehsal, tikinti sektoru, hasilat sənayesi və digər subyektlər vergi güzəştləri ilə əhatə edilib”.
Qarabağda fəaliyyət göstərəcək sahibkarların əsas vergilərdən azad olunmasını müsbət dəyərləndirən millət vəkili Vüqar Bayramov sözügedən dəyişikliklərin kifayət qədər böyük güzəşt paketi olduğunu deyib.
Onun sözlərinə görə, işğaldan azad olunmuş ərazilərimizə investisiya qoyacaq şirkətlər, eyni zamanda orada çalışacaq vətəndaşlarımız üçün əksər vergilərdən azadolma, eyni zamanda ƏDV-nin geri qaytarmaq prinsipində kifayət qədər yüksək faizin müəyyənləşdirilməsi, sosial haqlarla bağlı subsidiyanın verilməsi təklif olunub. Bu baxımdan güzəştin miqyası kifayət qədər böyükdür. Bu da həm investisiyanın cəlb edilməsi, həm də vətəndaşlarımızın həmin ərazilərdə çalışması üçün xüsusi bir stimul yaradacaq.
V.Bayramov bildirib ki, bu güzəştlər bölgəyə daha çox investisiyaların cəlb edilməsinə imkan verəcək: "Güzəştlər investisiyanın yeri və növündən asılı olmayaraq tətbiq olunacaq. Bu da xüsusən sərmayə qoyuluşları baxımından çox vacibdir. Yeni güzəştlərin tətbiq edilməsi artıq Qarabağın, Şərqi Zəngəzurun iqtisadiyyatının formalaşması və Azərbaycan iqtisadiyyatının reinteqrasiyasına xüsusi töhfə verəcək. Nəticə etibarı ilə yeni güzəştlər daha qısa müddətdə Qarabağa xarici və yerli investisiyaların cəlb edilməsinə, eyni zamanda məşğulluğun təmin olunmasına imkan yaradacaq”.
Şəymən