Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib.
Dövlət başçısı bildirib ki, İkinci Qarabağ müharibəsində əlil olmuş 379 hərbçi ən müasir protezlərlə təmin edilib. Cəmi iki il keçməsinə baxmayaraq, İkinci Qarabağ müharibəsinə aid olan bu proqram tam yerinə yetirilib. Yəni, biz öz sağlamlığını itirmiş soydaşlarımıza maksimum dərəcədə kömək göstərməyə çalışırıq. Əlbəttə ki, bu, yüksək texnologiyalı protezlər olduğu üçün onlar vaxtaşırı dəyişdirilməlidir. Bütün bu proqramlar da gündəlikdədir.
Sosial sahənin çoxşaxəli olduğunu qeyd edən dövlət başçısı vurğulayıb ki, buraya özünüməşğulluq proqramını da əlavə etmək olar.
“Bir neçə il ərzində belə bir təşəbbüs irəli sürüldü. Çox böyük maraq doğurdu və bu gün 60 min ailə özünüməşğulluq proqramına cəlb edilib. Hətta biz beynəlxalq maliyyə institutlarını da bu proqrama cəlb etmişik. Bu, həm sosial, həm iqtisadi, həm iş yerlərini, yəni, bütün bu sahələri əhatə edən bir sahədir. Ona görə bu il də istisna olmayacaq. Çünki bir daha demək istəyirəm, Azərbaycan sosial dövlətdir və biz bunu sözlə yox, əməlimizlə təsdiqləyirik. İmkan daxilində bu il də bu proqramlar icra ediləcək”, - deyə Prezident İlham Əliyev əlavə edib.
Bu barədə "Sherg.az"a danışan millət vəkili Rüfət Quliyevin qənaətincə, Azərbaycan son 25 ildə sosial yönümlü siyasət yürüdür:
"Prezident İlham Əliyevin daxili siyasətində ən önəmli yer tutan amildir. Dövlət siyasətində daha çox mikro, kiçik və orta sahibkarlığın inkişafına diqqət yetirilir. 2025-ci ilin axırınadək hədəfimiz Ümumi Daxili Məhsulda (ÜDM) mikro, kiçik və orta sahibkarlığın yerini 50 faizdən yuxarı etməkdir. İxracatda 40 faizi keçməlidir. Proqnoza görə sosial məslələrin həlli üçün 70 faiz insan biznesin iştirakçısı olacaq. Bu, sosial rifahı yüksəltməyə imkan yaradacaq.
Məsələn, Almaniyada 99 faiz işləyən adamlar kiçik, orta biznesdə çalışırlar. İqtisadi, texnoloji cəhətdən inkişaf edən ölkədə belə göstəricilər var. ÜDM-də bizneslərin payı ən azı 55-60 faizdir. Biz də eyni formada irəliləyirik, hədəfimizi müəyyənləşdirmişik".