Həmin gəlirin də 10 faizini vergi şəklində büdcəyə ödəyəcək
Bankların vətəndaşların əmanətlərindən 10 faiz həcmində vergi tutması xəbəri ictimaiyyət arasında ciddi narahatlığa səbəb olub. Ekspertlər isə narahatlıq üçün ciddi bir səbəb olmadığını qeyd edir. Bu verginin əvvəldən də mövcud olduğunu vurğulayan iqtisadçıların fikrincə, əmanətlərdən tutulan verginin az və orta təminatlı vətəndaşlara təsiri olmayacaq. Dünya praktikasında buna bənzər addımların atılması normal hal kimi qəbul edilir. Hökumətlər və Mərkəzi Banklar bu qəbildən olan məsələləri lazım olan səviyyədə tənzimləmək məqsədilə müəyyən dövr üçün hər hansı vergi güzəştinin tətbiqini məqsədəuyğun hesab edə bilərlər. Bu, bizdə də belə olmuşdu. Əhalinin əmanətlərini daha geniş şəkildə cəlb etmək məqsədilə müəyyən dövrə bəlli vergi güzəştinin verilməsi məqsədəuyğun hesab edilmişdi.
Bəs, əmanətlərdən vergi tutulması ilə bağlı güzəştlərin müddəti niyə yenidən uzadılmadı?
Bu məsələyə sosial şəbəkə hesabında aydınlıq gətirən hüquqşünas, bank məsələləri üzrə ekspert Əkrəm Həsənovun fikirləri isə birmənalı qarşılanmayıb. Hüquqşünasın fikrincə, əmanətlərdən vergi tutulmalıdır. Üstəlik, imkanlı şəxslərə məxsus mülklərdən, villalardan daha yüksək faizli vergilər tutulmalıdır: “Fevralın 1-də Vergi Məcəlləsinin 102.1.22-ci maddəsi ilə əmanətlər üzrə faiz gəlirinin 7 il müddətinə (2016-cı ildən) vergidən azad olunması haqda müddəası qüvvəsini itirəcək. Həmin gəlir üzrə Məcəllənin 123-cü maddəsinə əsasən, 10 faiz vergi tutulacaq. Bu gün manat əmanətçiləri banklardan təxmini 10 faiz illik gəlir götürürlər. Vergi ödədikləri halda 10 faiz deyil, 9 faiz gəlir əldə edəcəklər. Elə də böyük fərq deyil. Buna görə də əmanətlərin ciddi azalması üçün əsas yoxdur. Əslində 10 faiz vergi azdır, heç olmasa, 20 faiz tutmaq lazımdır! Sözün açığı, illər boyu əmanətçilərin faiz gəliri üzrə vergi ödəməməsinin özü düzgün deyildi. Necə olur ki, kasıb vətəndaş gəliri üzrə 14 faiz, xərci üzrə 18 faiz (ƏDV), üstəlik, əmlak və torpaq vergisi ödəyir, amma artıq pulu olan əmanətçi 10 faizlik vergini ödəmir? Ailələr var ki, banklarda milyonlarla vəsait saxlayır, amma vergi vermir. Bu nöqteyi-nəzərdən vergi sisteminə yenidən baxılmalıdır. Varlılar daha çox vergi ödəməlidir. Xüsusən də torpaqları və malikanələri üzrə. Kasıbın daxması və zənginin villasından eyni verginin tutulması ədalətsizliyin pik həddidir. Varlılardan toplanılan verginin ilk təyinat yeri kasıblara uşaq pulunun verilməsi ola bilər”.
İqtisadçı-ekspert Əyyub Kərimli isə “Şərq”ə açıqlamasında əvvəla onu deyib ki, burada söhbət əhalinin banka qoyduğu puldan deyil, ona hesablanmış faizdən gedir:
"Hər hansı bir vətəndaş illik 12 faizlə banka 10 min manat əmanət yerləşdiribsə, 1200 manat qazanc əldə edəcək. Həmin gəlirin də 10 faizini vergi şəklində büdcəyə ödəyəcək. Daha doğrusu, vergi faizi hələlik müəyyənləşməyib. 10 yox, 5 faiz miqdarında da ola bilər. Bu, qanundankənar bir hal deyil. Sadəcə, 7 illik güzəşt bitdi.
Belə ki, 2015-ci ildəki devalvasiya ilə əlaqədar banklar və kredit təşkilatları tərəfindən fiziki şəxslərin əmanətləri üzrə ödənilən faizlər gəlir vergisindən azad edilmişdi ki, vətəndaşlar əmanətlərini geri çəkməsin. Həmin güzəştin qüvvədə olma müddəti isə bu il başa çatdığından fevral ayının 1-dən etibarən vətəndaşların əmanətləri yenidən vergiyə cəlb olunacaq.
Yəni məqsəd ölkədə bank sektorunun vəziyyətini yaxşılaşdırmaq və fəailiyyətini sağlamlaşdırmaq və vətəndaşlarda depozit cəlbi, əmanətlərin yerləşdirilməsinə əlavə stimul yaratmaqla hər iki tərəfdə maraq formalaşdırmaqdan ibarət idi.
Müəyyən mənada da buna nail olunub. Artıq bankların fəaliyyəti təmərküzləşib, Azərbaycanın maliyyə bank sektoru öz fəaliyyətini uğurla davam etdirir.
İnsanlarımızın maddi rifahı yüksəlib, banklara əlavə depozit qoyurlar. Belə ki, ötən ilin göstəricilərinə əsasən, banklarda əhaliyə məxsus 11 milyard 225 milyon manat əmanət var. 2021-ci illə müqayisədə 27 faiz artım qeydə alınıb. Bu da onu göstərirdi ki, indiyədək bizdə depozitlər maksimum 12 faizlə qəbul edilirdi, bu da özlüyündə insanlarda müəyyən maraq yaradırdı”.
Ekspert hesab edir ki, əmanətlərdən gəlir vergisinin tutulması ilə bağlı güzəştlərin qüvvədən düşməsi beynəlxalq qaydalara uyğun olsa da, hazırda Azərbaycanda bank sisteminin inkişafına mənfi təsir göstərə bilər:
“Ən azından əhalinin banklarda əmanətlərin saxlanmasına marağı azalacaq, bu da banklara əlavə vəsait cəlb edilməsinə çətinlik yaradacaq. Həmin proses də kreditlərin bahalaşmasına təsir edə bilər. Axı banklar hansısa formada bir qrup insanlardan əmanət qəbul edərək onu sonradan kredit formasında digər qrupa təqdim edir”.
Ə.Kərimlinin sözlərinə görə, problemin aradan qaldırılması üçün banklar ya depozitlərin faizini artırmalıdır ya da müştərilərinin həmin vergi ödənişlərini üzərlərinə götürməlidirlər:
“Belə olarsa, müştərini itirmə riski olmaz. Düzdür, bu, hansısa formada bankların gəlirlərinin azalmasına təsir edəcək, lakin ümumi formada onların daha çox müştəri əldə etməsinə, müştərilərin sabit formada saxlanılmasına, nəhayət, bankların imkanlarının daha da genişləndirilməsinə imkan yaradacaq”.
İqtisadçının fikrincə, dəyişiklik əhalinin banklarda əmanət saxlamasına mənfi təsir etməsin deyə sözügedən vergilərlə bağlı müəyyən limit də tətbiq etmək olar. Yəni 10 min manata qədər depozit yerləşdirən vətəndaşlara yeni bərpa olunan vergini ödəməmək haqqı verilə bilər.