Daşınmaz əmlak bazarında canlanma və ya durğunluq mövsümi xarakter daşıyır. Bu sektordakı dinamiklik xüsusilə, yay fəslində nəzərə çarpır. Bəziləri mənzil bazarındakı qiymət dəyişikliyini tikinti materialları ilə əlaqələndirir.
Azərbaycanda ötən il tikinti materiallarının qiymətləri Rusiya-Ukrayna müharibəsi fonunda sürətlə artıb. Lakin son iki ayda sabitləşib. Görəsən, bunun mənzil bazarına təsirləri olacaqmı?
"Sherg.az"ın sualını cavablandıran əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyib ki, tikinti materiallarının ucuzlaşması mövsümlə əlaqəlidir:
"Qış fəslidir, tələb nisbətən azalıb, eyni zamanda xaricdən idxal edilən məhsulların qiyməti ucuzlaşır. Daşınmaz əmlak bazarına ciddi təsir göstərməyəcək. Qiymət dəyişikliyi müşahidə edilməyəcək.
Çünki tikinti materiallarının ucuzlaşması qısa bir müddəti əhatə edir. Fevral ayının sonlarından etibarən yenidən artım hiss olunacaq. Daşınmaz əmlak bazarına inzibati, torpaq, iqtisadi amillər və s. təsir göstərir.
Hazırda mənzil bazarında vəziyyət sabitdir. Yanvarın ayının sonu, fevral ayının əvvələrinə doğru bazarda aktivlik qismən artacaq. Yeni tendensiyaları müşahidə edə bilərik".