Mənzillərin kirayə verilməsində və satışında dəyişiklik olmayacaq
“Vergi Məcəlləsinə” edilən dəyişikliklərə əsasən, İpoteka və Kredit Zəmanət Fondu tərəfindən yaşayış sahələrinin kirayəçilərə təqdim edilməsi əməliyyatı ƏDV-dən azad edilir. Söhbət kirayə üzrə əməliyyatın 18.0 faizlik vergidən azad edilməsindən gedir. Artıq bu qaydalar yanvar ayından qüvvəyə minib.
Millət vəkili, iqtisadçı-ekspert Vüqar Bayramovun sözlərinə görə, yeni güzəştlər fond tərəfindən təqdim edilən kirayə evlərin xərcinin azalmasına gətirib çıxaracaq. Bu isə daha aşağı qiymətə həmin mənzillərin kirayə təklif olunmasına səbəb ola bilər: “Kirayə mənzillər İpoteka və Kredit Zəmanət Fondu tərəfindən 3 ildən 25 ilədək 2013-cü il 1 yanvar tarixindən sonra inşa edilən binalarda mənzilləri satın almaq məqsədilə təqdim edilir. Yəni vətəndaş kirayə pulunu ödədikdən sonra mənzilə sahib olur. Bu zaman vətəndaşın son ödəniş tarixində yaşı 70-dən çox olmamalıdır və mənzillərin dəyəri manatla ödənilir.
İndiyədək satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində 2 970 vətəndaşla kirayə müqaviləsi bağlanıb. Vergi güzəştləri fonunda mənzillərin kirayə qiymətlərinin azalması baş verərsə, daha çox vətəndaşımızın bu imkandan yararlanmasına səbəb ola bilər. Belə ki, indiyədək bu mənzillərə sahib olmada aylıq ödəniş məbləğinin yüksək olması əsas maneə kimi dəyərləndirilirdi. Mənzillər Bakı ilə yanaşı Sumqayıtda da təklif olunur. Bu ay Sumqayıtda 208 mənzil satın almaq məqsədilə kirayəyə təklif olunacaq. Mənzil seçimi yanvarın 18-dən başlayacaq. Vergi güzəştlərinin mənzillərin xərcinə təsir edəcəyi istisna edilmir”.
Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev isə sözügedən kateqoriyaya aid olmayan mənzillərin kirayə verilməsində və satışında dəyişikliyin olmayacağını deyib: "Bu qaydanın daşınmaz əmlak bazarına təsiri olmayacaq. Ona görə ki, əmlak bazarında təkrar satışlarda vergi yoxdur. Burada əraziyə, yəni hər kvadrata görə vergi təyin olunur. Bu layihə isə sosial layihə olduğu üçün vergidən azaddır. 18 faiz məsələsi isə tikinti şirkətlərinə aid olunur. Kirayə qiymətlərində dəyişikliyin olacağını gözləmirəm".