Evdə saxlanılan pulun miqdarı artdıqca ortaya çıxacaq mümkün risk ehtimalları da yüksəlir
Sosial Tədqiqatlar Mərkəzi keçirilən ictimai rəy sorğusu çərçivəsində vətəndaşların pul vəsaitlərini harada saxlamağı daha təhlükəsiz hesab etdiklərinə dair fikirlərini öyrənib.
İnsanların heç də hamısı əldə etdikləri gəliri tam xərcləmirlər. Əksər insanlar qazanclarının bir hissəsinə qənaət etməyə üstünlük verirlər. Nəzəri cəhətdən pula qənaət həm də sərvət yaratmaq, etibarlı maliyyə təminatına sahib olmaq, gələcək xərclərini təmin etmək və həyatın qeyri-müəyyənliklərinə hazırlıqlı olmaq deməkdir. Pula qənaətin bu motivlərindən əlavə, mühüm məqam kimi, onu harada saxlamaq məsələsi də olduqca vacibdir.
Son 10 ildə Azərbaycanda fiziki şəxslərin əmanətlərinin həcmi 2 dəfədən çox artmaqla, 2022-ci ildə 11.6 milyard manata bərabər olub. Onların 90 faizini isə rezidentlər tərəfindən banklara qoyulan əmanətlər təşkil edib. Milli valyuta ilə ifadədə 2016-cı ildən sonra manatla əmanətlər 4 dəfədən çox artdığı halda, xarici valyutada qoyulan əmanətlərin həcmi 1 milyard manat azalıb. Tendensiyanın əsas səbəbi milli valyutanın məzənnəsinin zamanla sabitlənməsi və bank sektorunda baş verən fluktuasiyaların qarşısının vaxtında alınması olub.
Sosial Tədqiqatlar Mərkəzi növbəti blitz sorğu mövzusu kimi vətəndaşların pullarını harada daha etibarlı (təhlükəsiz) saxlaya biləcəklərinə dair rəyi öyrənib. Qeyd etmək istərdik ki, sorğu çərçivəsində söhbət vətəndaşların gündəlik xərc təyinatlı vəsaitlərinin daha təhlükəsiz hesab etdikləri saxlama formasından gedir. Yəni spesifik olaraq yığımların daha etibarlı saxlanılması formaları ilə bağlı mövqe öyrənilməyib.
Keçirilən sorğunun nəticələrində insanların öz pulunu saxlamaq üçün daha çox banklara üstünlük verdiyi aşkar olunub. Belə ki, sorğuda iştirak edənlərin 39.9 faizi pulunu evdə saxladığı halda, 56.7 faizi banklara etimad göstərir.
“Sizcə, pul vəsaitini harada qorumaq daha təhlükəsizdir” sualına kişilərin yarısı (50.3 faiz) “evdə” cavabı verdiyi halda, qadınların seçimi daha çox banklardan yana olub (62.9 faiz).
Sorğu nəticələrini yaş təsnifatı üzrə təhlil etdikdə məlum olur ki, digərləri ilə müqayisədə gənclər daha çox bankları təhlükəsiz hesab ediblər. Belə ki, 18-24 yaşda olanların 65.2 faizi öz seçimlərində banklara üstünlük verdiklərini bildirib. Bu məqam həmçinin özünü tələbələr üzrə də daha aydın şəkildə büruzə verib – 88.9 faiz.
Həmçinin təhlillər orta aylıq gəliri 901-1200 manat aralığında olanların (70 faiz) digərləri ilə müqayisədə pul vəsaitini evdə saxlamağa üstünlük verdiyini göstərib.
İqtisadçı-ekspert Fuad İbrahimovun sözlərinə görə, pulun həm özünü, həm də dəyərini qorumaq üçün banklar daha etibarlıdır. Amma maliyyə institutlarına inamın aşağı olduğu, maliyyə təşkilatçılığı və insanların maliyyə savadlılığının zəif olduğu iqtisadiyyatlarda yığımlar əsasən nağd şəkildə evdə saxlanılmaqla həyata keçirilir. Ancaq müəyyən çatışmazlıqlar onu bank və ya investisiya hesabında saxlamaqdan daha riskli edir:
“Evdə saxlanılan pulun miqdarı artdıqca ortaya çıxacaq mümkün risk ehtimalları da yüksəlir. Əgər istənilən zaman kapitalınızı götürüb dövriyyəyə buraxmaq istəyəcəksinizsə, sığorta əsasında banklarda əmanət saxlamaq daha güvənlidir. Yox, əgər uzun perspektivdə bunu strateji ehtiyat kimi mənzilə çevirmək, məsələn, ailənin hansısa gələcək planları, övladları üçün saxlamaq istəyirsinizsə, əmlak almaq daha uyğundur. Əmlak qiymətlərinin tədricən qalxması ilə yanaşı, tikinti xüsusi sürət alır. Müəyyən yerdə tikilən bina bir müddətdən sonra şəhərin sayılan və seçilən yerinə çevrilir”.
İqtisadçının fikrincə, aylıq gəlir baxımından banklardan alınan vəsait daha səmərəlidir:
“Çünki əmlak bazarında kirayə üçün kifayət qədər təkliflər var. Bizdə bu sahədə qiymət tənzimləməsi kortəbiidir. Kirayə mənzili bazara kim ürəyi hansı qiymətə istəyir, o qiymətə də çıxarır. Bazarda kifayət qədər çox təklif olduğundan Azərbaycanda evlərin kirayə verilməsi çox riskli və gəliri az olan prosesə çevrilib”.