Azərbaycanda hibrid avtomobillərə maraq artacaq

Güzəştlər ekoloji cəhətdən daha az təhlükəli avtomobillərin idxalı üçün stimul yaradacaq


  Hibrid avtomobillərinə görə 3 il vergi ödənilməyəcək “Vergi Məcəlləsinə” edilən son dəyişikliklərə görə, istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışı, daha 3 il, yəni 2026-cı il yanvarın 1-dək ƏDV-dən azad edilib. Bu o deməkdir ki, 2020-ci ildən başlayaraq istehsal edilən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərinə görə ƏDV ödənilməyəcək.

Millət vəkili Vüqar Bayramovun açıqlamasına  görə,  bu güzəştlərdə məqsəd hibrid avtomobillərinin idxalını təşviq etmək və onların daha çox satışını reallaşdırmaqdır: “Bu, yaşıl enerji prinsipinə uyğun olaraq avtomobil parkında dəyişikliyə səbəb olmağı hədəfləyir.

Güzəştlərin tətbiq olunmasına rəğmən ölkəyə hələ də daha çox istehsal ili köhnə hibrid avtomobillərinin idxal edilməsi həm avtomobil parkının köhnəlməsinə, həm də qəzaların sayının artmasına səbəb olub. Bununla yanaşı, son dəyişiklik dünya bazarında müşahidə edilən qiymət artımları fonunda istehsal ili nisbətən yeni olan hibrid avtomobillərinin  xərcinin azaldılması baxımdan vacib idi”.

Nəqliyyat üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov “Şərq”ə açıqlamasında  bu güzəştlərin ölkəmizdə hibrid avtomobillərə marağı artıracağını deyib.

 Onun sözlərinə görə,  bu güzəşt həm də 2 il əvvəl qəbul edilən elektromobillərə ƏDV-nin ləğvi qərarı 2018-ci ilin dekabrında qəbul olunmuş “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”ndan irəli gələn bir məsələdir. Orada göstərilib ki, ekoloji cəhətdən daha az təhlükəli avtomobillərin idxalı üçün stimul yaradılmalıdır.

  Ə.Hüseynov bildirib ki,  inkişaf etmiş bəzi dövlətlərdə yaxın 10-15 ildə tam elektromobillərə keçid proqramı var. Burada əsas məqamlardan biri də utilizasiya məsələsidir:

 “Yəni istismar müddətini başa vurmuş, texniki cəhətdən müasir tələblərə cavab verməyən avtomobillərin dövriyyədən çıxarılması. Bu, 2018-ci ildə qəbul olunmuş proqramda nəzərdə tutulub. 

Düşünürəm ki, ölkəyə elektromobillərin idxalı prosesinin asanlaşdırılması ilə yanaşı, proqram çərçivəsində utilizasiya məsələsi də sistemli şəkildə həyata keçirilsə, ölkəmizin avtomobil parkı daha yaxşı və daha təhlükəsiz olar”.