Qarşıdakı illərdə Azərbaycanda virtual daimi nümayəndəlik yaradılacaq
Son illər Azərbaycanda bir xeyli populyarlaşan tiktok sosial şəbəkəsi Azərbaycan mənbəyindən kifayət qədər gəlir əldə etməsinə baxmayaraq, ölkəmizdə hələ də vergi ödəyicisi deyil.
Texnobloqer, Mətbuat Şurasının İdarə heyətinin üzvü Fərid Pərdəşünas isə tiktokun yaxın zamanda Azərbaycanda şirkət açıb, vergi ödəyicisi olmağının gözlənilən olduğunu düşünür. Ortada artıq böyük pulların dövr etməyə başladığını vurğulayan ekspert deyib ki, artıq bu istiqamətdə tiktok da işlərə başlayıb və Azərbaycana artıq 2 dəfə rəsmi nümayəndəsini göndərib.
İKT üzrə ekspert Elvin Abbasovun açıqlamasına görə, 10 milyonluq kiçik bazar olduğumuz üçün nə tiktok, nə də digər sosial şəbəkələr Bakıda ofis açmaqda maraqlıdır:
“Əgər Azərbaycan tiktokdan Azərbaycanda fəaliyyətini rəsmiləşdirib vergi tələb etsə, onlar yerli bazardan birdəfəlik imtina edərlər. Bu isə ölkəmizdəki tiktok istifadəçilərinin ciddi narazılığına səbəb olar. Hansı ki informasiya təhlükəsizliyi ilə bağlı tiktokun müvəqqəti bağlanması zamanı biz bu etirazların şahidi olduq”.
İqtisadçı-ekspertlər isə sosial şəbəkələrdən əldə olunan gəlirin vergiyə cəlb olunmamasının yüksək məbləğdə vəsaitin büdcədən yayınması ilə nəticələndiyini zənn edirlər.
Vergi məsələləri üzrə ekspert Anar Bayramovun sözlərinə görə, hazırkı vəziyyətdə xarici qeyri-rezident sosial şəbəkələrin Azərbaycan mənbəyindən gəlir əldə etməsinə baxmayaraq, hələ də vergiləndirilməsi qanunvericilikdə nəzərdə tutulmayıb.
Amma bu layihə üzərində iş gedir, yəni bu tipli qeyri-rezidentlərin sosial şəbəkələr üzərindən Azərbaycan mənbəyindən əldə etdiyi gəlirlər artıq vergiləndiriləcək və qarşıdakı illərdə Azərbaycanda virtual daimi nümayəndəlik yaradılacaq. Məsələ ilə əlaqədar qanun layihəsinin müzakirəsi aparılır”.
Sosial mediadan gəlir əldə edən şəxslərə göndərilən məbləğlərdən 50 faizinin məşhur bloqerlərə, müğənnilərə, influenserlərə çatdığını xatırladan ekspert deyib ki, gəlir əldə etmələrinə baxmayaraq, onlar da öz gəlirlərindən vergi ödəmirlər:
"Halbuki, vergi qanunvericiliyimizə əsasən, fiziki şəxslərin sahibkarlıq fəaliyyətinə görə əldə etdiyi gəlirdən 20 faiz dərəcəsi ilə, qeyri-sahibkarlıq fəaliyyətinə görə əldə etdiyi gəlirdən isə 14 faiz dərəcəsi ilə vergiləndirilmə nəzərdə tutulub".