Azərbaycanlı turistlər Gürcüstanda 100 milyon dollar xərcləyiblər - AKTUAL

"2022-ci ilin yekunlarına görə, Gürcüstana turist axını çox olub. Hətta göstəricilər 2019-cu ildən belə yüksəkdir. Gürcüstan 3,5 milyard dollarlıq turizm gəlirləri əldə edib. 
Bunu "Sherg.az"a açıqlamasında turizm məsələləri üzrə ekspert Ceyhun Aşırov deyib. O bildirib ki, Gürcüstana səfərə yollananlar arasında Rusiya, Ukrayna, İsrail, Belarusya və Türkiyədən olan turistlərin sayı üstünlük təşkil edir: 
"Azərbaycan da Gürcüstana ən çox üz tutan 10 ölkədən biridir. Gürcüstana səfərin üstünlük təşkil etməsinin səbəbi sərhədlərin açılması, pandemiyadan sonrakı dövrdə məhdudiyyətlərin müəyyən qədər aradan qaldırılması ilə əlaqədardır. Azərbaycanlı turistlər Gürcüstana təkcə istirahət üçün getmirlər. 

Tranzit yol kimi istifadə edirlər. Avropaya Gürcüstandan keçib getmək ucuz başa gəlir. Bir neçə gün Gürcüstanda oteldə qalır, pul xərcləyirlər. Sonra üçüncü ölkələrə, xüsusilə Avropaya səyahət edirlər. Rusiya-Ukrayna müharibəsindən qaynaqlanaraq, Rusiyadan Gürcüstana gedənlərin sayında artım müşahidə edilib. 

2022-ci ilin yekunlarına əsasən, hansı ölkələr pandemiyadan sonra  məhdudiyyətləri müəyyən qədər aradan qaldırdısa, həmin ərazilərə səfər edən turistlərin sayı yüksəldi. 

2022-ci ildə dünyada turizmin bərpası təxminən 60 faiz, Azərbaycanda isə 50 faizə yaxındır. Lakin bəzi ölkələr pandemiyadan əvvəlki yüksək turizm göstəricilərinə çata bilib. Onlardan biri də məhz Gürcüstandır".

Qeyd edək ki, Gürcüstanın Milli Turizm Administrasiyasının araşdırmasına görə, 2022-ci ildə Gürcüstana səfər edən azərbaycanlı turistlər bu ölkədə 100 milyon dollara yaxın pul xərcləyiblər. 

Araşdırmaya əsasən, 2022-ci ildə Gürcüstanda ən çox pul xərcləyənlər Rusiyadan olan turistlərdir. Belə ki, ötən il rusiyalı turistlər Gürcüstanda 891 milyon dollar pul xərcləyiblər. İkinci yerdə Türkiyədən olan turistlərdir - 399,4 milyon dollar. Gürcüstanın 2022-ci il üçün turizm gəliri 3,5 milyard dollardan təşkil edib.