"Telefonların qiymətinin bahalaşdırılması elektrotexnika satışı ilə məşğul olan iri şirkətlərin maraqlarına xidmət edir".
Bunu "Sherg.az"a iqtisadçı Natiq Cəfərli telefon qiymətlərinin artacağı barədə iddialara cavab verərkən deyib. O diqqətə çatdırıb ki, dövlət orqanları vətəndaşların maraqlarına uyğun davranmağı öyrənməlidir:
"Dövlət qurumları iri şirkətlərin mənfəətini qorumağa çalışmalı deyil. Vətəndaş mobil telefonu özünün işlətməsi üçün gətirdiyi halda heç bir məhdudiyyət tətbiq edilməməlidir. Bəyannamə tələbli smartfonlar 300 dollarlıq limitə daxil olmayacaq.
Çünki bu limit onlayn sifariş edilən məhsullara aiddir. Lakin gətirilən mobil telefonlara 18 faizlik Əlavə Dəyər Vergisi (ƏDV) tətbiq edilə bilər.
Həmçinin güman olunur ki, İMEİ kodun bahalaşması da nəzərdə tutulub. Əslində hər hansı mobil telefonun poçt şöbəsində qeydiyyata qoyulması da turizm potensialını artırmaq istəyən ölkə üçün uyğun deyil.
Bu, turistlərə ciddi problem yaradır.
Eyni zamanda vətəndaş telefon aldıqdan sonra qeydiyyat zamanı az qala bir smartfonun qiymətini ödəsin. Xüsusilə də, bu, bahalı və yeni model mobil telefonlara aid edilir.
Deməli, Azərbaycanda dolayı vergiləndirmə sistemi getdikcə daha çox artır. Nəticə etibarilə, mobil telefonların qiymətinin artması gözləniləndir. Yəqin ki, hər birimiz bahalaşmasının şahidi olacağıq".
Qeyd edək ki, telefonların qiymətinin artacağı ilə bağlı iddialar mövcuddur. Gözlənilən bahalaşma xarici ölkələrdən gətirilən telefonlara görə, 36 faiz vergi tətbiq olunacağı ilə əsaslandırılır.