Paşinyan-Putin görüşündə konkret anlaşma olmayıb - Natiq Miri

Hətta müəyyən vədlər verilsə belə, onların reallaşacağı sual altındadır

Rusiyanın təzyiq, təxribat və dezinformasiya imkanlarından istifadə etməyə davam edəcək

Son dövrlərdə Cənubi Qafqazda dəyişən geosiyasi vəziyyət fonunda Moskvada Rusiya və Ermənistan rəhbərləri arasında baş tutan görüş xüsusi əhəmiyyət kəsb edir. Dünən Kremldə keçirilən danışıqlarda Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyanı qəbul edərək iki ölkə arasındakı strateji tərəfdaşlığın mövcud vəziyyəti və perspektivlərini müzakirə edib.

Görüşdə həm ikitərəfli münasibətlər, həm də Avrasiya məkanında inteqrasiya, regional təhlükəsizlik və iqtisadi-logistika əlaqələrinin inkişafı kimi məsələlər əsas gündəm mövzuları olub. Bununla yanaşı, danışıqlarda Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşması, Avrasiya İqtisadi İttifaqındakı rolu və regiondakı yeni siyasi balans məsələləri də müzakirə edilib. Rusiya tərəfi Ermənistanın eyni zamanda həm Avropa İttifaqında, həm də Rusiya rəhbərliyindəki iqtisadi blokda iştirakının çətin olduğunu vurğulayıb, Paşinyan isə Moskva ilə əlaqələrin Ermənistan üçün mühüm olduğunu bildirib.

Politoloq Natiq Miri Sherg.az-a açıqlayıb ki, Paşinyanın Moskva səfəri iyunun 7-də keçiriləcək parlament seçkiləri öncəsi Ermənistan, o cümlədən Nikol Paşinyan hökuməti üçün müəyyən “immunitetlərin” yaradılması ilə əlaqəli olub:

“Yəni, söhbət təhlükəsizlikdən - hərbi, siyasi, iqtisadi və ticari sahələrdən gedir. Çünki Rusiyanın Ermənistana hələ də ciddi təsir imkanları mövcuddur, istər iqtisadi, istər ticari baxımdan. Digər tərəfdən, Ermənistan Avrasiya İqtisadi Birliyinin üzvüdür və əsas ticarətini məhz bu ittifaqın üzv dövlətləri ilə həyata keçirir. Baxmayaraq ki, strateji xətt kimi Avropa Birliyi ilə inteqrasiyaya üstünlük verilir. Ancaq hələlik Avropa Birliyi iqtisadi məkanı Ermənistan üçün bazar deyil və bunun üçün illər tələb olunur. Ermənistanın bu standartlara uyğunlaşdırılması zəruridir.

Digər tərəfdən, artıq Ermənistanda çox ciddi hibrid mübarizə başlayıb. Söhbət mediada yalan və dezinformasiya xarakterli xəbərlərdən tutmuş bəzi təxribatlara qədər uzanan təhlükəli fəaliyyətlərdən gedir. Bundan əlavə, Rusiyada fəaliyyət göstərən erməni iş adamlarının konsolidasiya olunması, seçkilər üçün böyük məbləğdə vəsaitlərin toplanması, prosesin maliyyələşdirilməsi və Rusiyadan kütləvi şəkildə ermənilərin Ermənistana göndərilməsi həm seçkidə iştirak, həm də kütləvi etiraz aksiyalarının təşkili planlarının mövcudluğu iddia edilir. Nikol Paşinyan anlayır ki, bunlar Rusiyanın təzyiq elementləri kimi qiymətləndirilə bilər.

Eyni zamanda, Putinlə görüşdən sonra həm Xarici İşlər Nazirliyinin sözçüsünün, həm də baş nazirin müavini Averçukun açıqlamaları göstərir ki, görüş o qədər də rəvan keçməyib. Putinin çıxışlarında dolayısı ilə təhdid xarakterli məqamların olduğu hiss olunurdu və Rusiyanın Ermənistana təsir imkanlarını saxladığı mesajı verildi. Xüsusilə qeyd olundu ki, Rusiyanın Ermənistana satdığı qazın qiyməti Avropadakı qiymətlərlə müqayisədə fərqlidir və bu güzəştlərin dəyərləndirilməsi gözlənilir. Digər tərəfdən, Rusiyanın Cənubi Qafqaz dəmir yolu idarəsinin törəməsi olan şirkətin Rusiyadan alınıb digər maraqlı tərəflərə verilməsi məsələsi də Moskvanın narazılığına səbəb olub.”

Analitik qeyd edib ki, görüşdə Paşinyanın qarşısına konkret hədəflər qoyulub:

“Rusiya Zəngəzur dəhlizi marşrutunda iştirak etmək istəyir və bunun təmin olunması tələb edilir. Əks halda, Ermənistan üçün problemlər yarana biləcəyi mesajı verilib. Bu baxımdan, Paşinyan-Putin görüşündə konkret anlaşmanın əldə olunduğunu demək çətindir. Hətta müəyyən vədlər verilsə belə, onların reallaşacağı sual altındadır və Rusiyanın təzyiq, təxribat və dezinformasiya imkanlarından istifadə etməyə davam edəcəyi ehtimal olunur. Moldovadakı uğursuzluqdan sonra Moskvanın Ermənistanda mövqelərini gücləndirməyə çalışdığı da iddia edilir. Bunun nə dərəcədə mümkün olacağını isə zaman göstərəcək. Paralel olaraq, Avropa Birliyi də Paşinyan hökumətinə ciddi dəstək verməyə hazır olduğunu bəyan edib.”