“Düşmən üç gün ərzində bütün hücumlarının qarşısı alındı, ciddi itkilər verdi”
Aprel döyüşlərinin başlanmasından 10 il ötür. Bu şanlı tarix Azərbaycan Ordusunun gücünü, xalqımızın iradəsini və dövlətimizin qətiyyətini bütün dünyaya nümayiş etdirən mühüm mərhələ kimi yaddaşlara həkk olunub.
2016-cı ilin aprel ayında Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində törətdiyi təxribatlara cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatlarına başlayıb. Qısa müddət ərzində həyata keçirilən uğurlu hərbi əməliyyatlar nəticəsində strateji əhəmiyyətə malik yüksəkliklər və yaşayış məntəqələri işğaldan azad olunub. Bu qələbə ordumuzun peşəkarlığını və döyüş qabiliyyətini bir daha sübut etdi.
Aprel döyüşləri təkcə hərbi uğur deyildi. Bu döyüşlər xalqımızın ruhunu yüksəltdi, işğal altında olan torpaqlarımızın azad olunacağına olan inamı daha da möhkəmləndirdi. Məhz bu inam və birlik sonradan 44 günlük Vətən müharibəsində əldə etdiyimiz Böyük Zəfərin əsasını təşkil etdi.
Xatırladaq ki, 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə və gün ərzində bütün cəbhə boyu mövqelərimiz və yaşayış məntəqələrimiz işğalçı ordunun və onun Qarabağdakı əldəqayırma xunta rejiminin “müdafiə ordusu”nun qüvvələri tərəfindən güclü artilleriya atəşinə məruz qalıb. Nəticədə dinc sakinlərdən 2-si həlak oldu, 10 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Ağdərə–Tərtər–Ağdam və Xocavənd–Füzuli istiqamətində yerləşən birliklərimizin, artilleriya bölmələrimizin və digər qoşun növlərimizin birgə, əlaqəli fəaliyyəti nəticəsində qısa müddətdə işğalçı ordunun bölmələrinə qarşı cavab tədbirləri həyata keçirilib. Döyüşlər ordumuzun qəti qələbəsi ilə nəticələndi. Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan və ermənilərin “Madagiz” yarlığı yapışdırdıqları Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində bəzi mövqelər düşməndən azad olunub. Bununla da Ermənistanın hərbi cinayətkar rəhbərlərinin keçilməz erməni səngərləri haqqında mifləri alt-üst edildi. İşğalçı ordu aprelin 4-də itirilmiş mövqelərini geri qaytarmaq məqsədilə Ağdərə–Tərtər və Xocavənd–Füzuli istiqamətlərində mövqelərimizə yenidən hücum etdi, təmas xəttinə yaxın yaşayış məntəqələrimizi intensiv atəşə tutub. Amma hərbçilərimizin şücaəti qarşısında düşmən məqsədinə nail ola bilmədi. Onların əlavə qüvvələr göndərməklə hücumu davam etdirmək planı da uğursuzluğa düçar oldu. Hazırlıqlı bölmələrimiz tərəfindən düşmənin strateji baxımdan əhəmiyyətli Suqovuşan məntəqəsindəki hərbi bazasının qərargahına və erməni könüllülərini daşıyan avtobusa zərbə endirilib. Əməliyyat zamanı Ermənistan silahlı qüvvələrinin Ağdərə, Suqovuşan və digər yaşayış məntəqələrindən hərəkətə gətirmək istədiyi ehtiyat qüvvələri bölmələrimiz tərəfindən önləyici zərbələrlə məhv edilib.
Aprel döyüşlərində ordumuzun əldə etdiyi strateji uğurları şərh edən hərbi ekspert Tərlan Eyvazov Sherg.az-a bildirib ki, 2016-cı ilin Aprel döyüşləri Azərbaycan Ordusunun müasir tarixində dönüş nöqtəsi kimi qiymətləndirilməlidir. Həm 2020-ci ildəki Vətən müharibəsi zamanı əldə edilən böyük qələbəyə, həm də 2023-cü ilin sentyabrında həyata keçirilən Antiterror əməliyyatları nəticəsində tam suverenliyin bərpasına gedən yol məhz Aprel döyüşlərindən keçib. 
Aprel hadisələrindən əvvəl də cəbhə xəttində lokal toqquşmaların baş verdiyini xatırladan hərbi ekspert qeyd eidb ki, bu döyüşlərin əsas fərqi Azərbaycan Ordusunun mühüm strateji yüksəklikləri – Lələtəpə və Talış istiqamətində üstün mövqeləri işğaldan azad etməsi idi: “ Bu yüksəkliklər uzun illər düşmən nəzarətində qalaraq həm hərbi mövqelərimiz, həm də mülki yaşayış məntəqələri üçün ciddi təhlükə yaradırdı. Aprel döyüşləri nəticəsində həmin risklər əhəmiyyətli dərəcədə azaldıldı və əməliyyat baxımından üstünlük təmin olundu. Əməliyyatlar qısa müddətdə, əsasən lokal və yüksək dəqiqlikli zərbələr üzərində qurulmuşdu. Sonrakı mərhələdə isə aydın oldu ki, bu döyüşlər əslində daha böyük müharibə üçün bir sınaq, bir növ praktiki hazırlıq mərhələsi rolunu oynayıb. 1994–2016-cı illər ərzində Azərbaycan Ordusunda aparılan islahatlar, müasir silahlanmanın tətbiqi, xüsusi təyinatlı qüvvələrin formalaşdırılması və intensiv təlimlər məhz Aprel döyüşlərində real şəraitdə yoxlanılıb. Azərbaycan Silahlı Qüvvələri bu sınaqdan uğurla çıxdı. Düşmən tərəfi itirilmiş mövqeləri geri qaytarmaq üçün ardıcıl əks-hücumlara cəhd etsə də, ordumuz üç gün ərzində bütün hücumların qarşısını qətiyyətlə aldı və qarşı tərəf ciddi itkilər verdi. Nəhayət Rusiya tərəfinin iştirakı ilə atəşkəs razılaşması əldə olundu. Aprel döyüşlərindən cəmi dörd il sonra Azərbaycan Ordusu artıq tammiqyaslı hərbi əməliyyatlarda düşmən qüvvələrini darmadağın edərək işğal altında olan ərazilərimizi azad etdi. Bu mənada, Aprel döyüşləri yalnız hərbi uğur deyil, həm də psixoloji və strateji dönüş nöqtəsi idi. Bu hadisələr həm ordunun döyüş qabiliyyətinə olan inamı möhkəmləndirib, həm də cəmiyyət daxilində qələbə əhval-ruhiyyəsini yenidən formalaşdırıb.
Bu gün Aprel döyüşlərinin 10 illiyi qeyd olunarkən, həmin hadisələrə yalnız lokal hərbi uğur kimi deyil, Azərbaycanın sonrakı qələbələrinin təməlini qoyan mühüm mərhələ kimi yanaşmaq daha doğru olar”.