Tusk: Trampın dedikləri Putinin planına oxşayır

Polşa Baş naziri Donald Tusk ABŞ Prezidenti Donald Tramp və Macarıstan Baş naziri Viktor Orbanın son bəyanat və addımlarını “Putinin arzusundakı plan” adlandırıb.

Teleqraf xəbər verir ki, bu barədə o, X-də yazıb.

Donald Tusk hesab edir ki, son hadisələr Rusiyanın xeyrinədir.

“NATO-nun dağılması təhlükəsi, Rusiyaya qarşı sanksiyaların yumşaldılması, Avropada genişmiqyaslı enerji böhranı, Ukraynaya yardımın dayandırılması və Orbanın Kiyev üçün kreditin qarşısını alması - bütün bunlar Putinin arzusundakı plana bənzəyir”, - Polşa Baş naziri bildirib.

Xatırladaq ki, Donald Tramp bundan öncə müttəfiqlərin ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarını dəstəkləməməsindən sonra ölkəsinin NATO-dan çıxmasını ciddi şəkildə nəzərdən keçirdiyini açıqlayıb.

ABŞ-nin NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker isə bildirib ki, Tramp hazırda Amerikanın Avropanın Ukraynaya yardım səylərinə dəstəyini yenidən qiymətləndirir.