"Əgər xaricdən smartfon alıb, ölkəyə gətiririksə, artıq məcburi bəyan etməli olacağıq. Əslində indiyədək bu hal mütləq idi, lakin yayınma çox idi. Hər kəs gömrükdə tək-tək yoxlanılmırdı. Əgər fevral ayının 15-dən xaricdən gətirdiyiniz cihazı gömrükdə bəyan edib, rüsumlarını ödəməsiniz, həmin cihazın ölkə daxilində IMEI (red.beynəlxalq identifikasiyanı göstərən nömrə) qeydiyyatını həyata keçirə bilməyəcəksiniz".
"Sherg.az" xəbər verir ki, bu sözləri "Technote" media şirkətinin təsisçisi, texnobloqer Fərid Pərdəşünas deyib.
Texnobloqer bildirib ki, nəticədə qaçaq yolla daha ucuz qiymətə satılan smartfonların bazarına ciddi zərbə dəyəcək:
"Poçt göndərişlərinin limiti 300 dollardır.
Amma heç bir poçt daşıma şirkəti (yerli) smartfon gətirmir. Belə durumda yalnız beynəlxalq daşıma şirkətləri prosesi gerçəkləşdirir. Onsuz da, gömrüyə məhsul bəyan edilirdi. Burada heç bir dəyişiklik olmayacaq".
F.Pərdəşünas söyləyir ki, əsas məsələ məhsulu özünüz xaricdən alıb-gətirəndə başlayır:
"Qanuna əsasən, hər bir şəxsin 800 dollar dəyərində məhsulu özü ilə ölkəyə rüsumsuz gətirməsi mümkündür. Məsələn, siz 1000 dollara Amerikadan “iPhone 14” alıb, ölkəyə gətirirsinizsə, onun IMEI kodunu gömrükdə bəyan etməlisiniz.
Həmin məbləğdən 800 dollar azaldılacaq. Yerdə qalan 200 dollar üçün 36 faiz rüsum ödəniləcək. Yəni rəsmiləşmə üçün 72 dollar ödəniləcək. Əlavə olaraq istifadə üçün IMEI qeydiyyat rüsumu da 1 ay müddətinə ödənilməli nəzərdə tutulur.
Əsas zərbə müxtəlif yollarla ölkəyə smartfon idxal edib, daha ucuz qiymətə satan kiçik mağazalara dəyəcək. Sözügedən addım öz növbəsində smartfonların IMEI klonlama hallarını artıra bilər.".