“Türkiyədən təyyarə biletləri bahadır, tələbələrin zəlzələ ilə əlaqədar ölkəyə qayıdışında çətinliklər yaranıb”.
Bunu bu gün Milli Məclisin iclasında deputat Ceyhun Məmmədov bildirib.
Ceyhun Məmmədov deyib ki, Türkiyədə zəlzələ ilə bağlı tələbələrə təyyarə biletlərində güzəştlər tətbiq olunmalıdır:
“İndi distant təhsilə keçilib. Ancaq elə ədəbiyyatlar var ki, tələbələr onları da qayıdaraq Türkiyədən gətirməlidirlər. Ona görə təyyarə biletlərində güzəştlər vacibdir. Türkiyə və digər ölkələrin təcrübəsində də belə hallar var”.
Məsələyə münasibət bildirən iqtisadçı-ekspert Fuad İbrahimov "Sherg.az"a bildirib ki, kritik vəziyyətlə bağlı Türkiyədəki biletlərin baha olması təbiidir:
"Amma bu, Azərbaycanda 30 ilin problemidir. Ümumiyyətlə, ölkədə 3-4 haşiyə çıxarılan məsələ var ki, həll edilmir. Bu məsələnin həlli müstəsnadır. Çarter reyslərinin artırılması ilə tələbələrin sürətlə geriyə qayıtmasına imkan yaratmaq lazımdır. Ən azından "lokoster" uçuşlarla ucuz qiymətə daşınma xidməti verilməlidir. Bunun hər zaman tədbiqi çox yaxşı olardı. Amma biz bundan yararlanmamağı artıq qəbullanmışıq. Heç olmasa belə bir müstəsna vəziyyətdə belə reyslər təşkil edilsin. Bununla paralel olaraq quru sərhədlərindən də vətəndaşlarımızın keçməsinə müvəqqəti imkan yaratmaq olar.
Düzdür, bu gün quru sərhədlərimiz bağlıdır. Ancaq yükdaşıma həyata keçirilir. Yəni müvəqqəti qərar qəbul edərək tələbələrimizin 5-10 gün ərzində oradan quru yolla keçməsinə şərait yaratmaq mümkündür".