Çörəyin qiyməti yenidən ucuzlaşa bilər


Hazırda dünya bazarında satışa kifayət qədər buğda çıxarılır və panika dövrü geridə qalıb

  Azərbaycanda martın 11-dən etibarən iri market şəbəkələrində 650 qramlıq dairəvi (zavod) çörəyin qiyməti 70 qəpikdən 65 qəpiyə düşüb. Eyni zamanda un bazarında isə 50 kq-lıq bir kisə unun topdansatış qiyməti 9 mart 2023-cü il tarixində 35,5 manat – 37,2 manat olub. 2022-ci ilin avqust ayında bu göstərici 40,7 manat – 41,5 manat təşkil edirdi.
  Aprelin 10-dan etibarən Gürcüstanda da çörəyin 10 tetri ucuzlaşması ilə bağlı qərar qəbul olunub. Bu qərardan sonra Azərbaycanda çörəyin yenidən ucuzlaşması ehtimalı yaranıb.  
  Mövzu ilə bağlı “Şərq”ə açıqlama verən  iqtisadçı-ekspert Fuad İbrahimov bildirib ki, dünya bazarında buğda qiymətlərinin bahalaşmasının əsas səbəbi Rusiya və Ukrayna arasında gedən müharibə idi: "Hər iki dövlətin bazarda əsas buğda ixracatçıları olduğunu nəzərə alsaq, müharibənin başlanğıcında bu vəziyyət dünya bazarında panika yaratmışdı və buğda qiymətlərində sıçrayış yaranmışdı. Lakin daha sonralar bu məsələ nəzarət altına alındığı üçün ucuzlaşma prosesinə keçid baş verdi. Bunun nəticəsi kimi biz ölkə ərazisində mart ayının ortalarında çörəyin qiymətinin 5 qəpik ucuzlaşmasının şahidi olduq". 
  Ekspert vurğulayıb ki, ölkədə çörəyin yenidən ucuzlaşması baş verə bilər. Çünki hazırda dünya bazarında satışa kifayət qədər buğda çıxarılır və panika dövrü geridə qalıb: "Əlbəttə ki, proses belə davam edərsə, çörəyin qiymətinin daha da ucuzlaşmasını görə biləcəyik. Lakin dünya bazarında buğdanın qiymətlərində yenidən dalğalanma baş versə və qiymətlərdə artım müşahidə olunarsa, o zaman ucuzlaşmadan söhbət gedə bilməz".