Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 2 milyard 434,32 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac edib. Bu barədə İxracın və İnvestisiyaların Təşviqi Agentliyindən (AZPROMO) bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,6 faiz çoxdur.
Xatırladaq ki, 2022-ci ildə Azərbaycanın qeyri-neft ixracı 2021-ci illə müqayisədə 12,3 faiz artaraq 3 milyard 47,67 milyon ABŞ dolları təşkil edib.
Mövzu ilə bağlı “Sherg.az”a açıqlama verən iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, bu, müsbət bir haldır:
"Qeyri-neft sektorunun istehsalının və ixracının artması konseptial olaraq Azərbaycan üçün lazımlı bir sahədir. Azərbaycanın neftdən və qazdan aslılığı hələ də davam edir. Qeyri-neft sektorunun artım tempi bu aslılığın zamanla azalacağını göstərir. Lakin burada digər bir nüans da var. Azərbaycanın qeyri-neft ixracında olan artımın əsas səbəbi dünya bazarında qiymətlərdə olan artımla bağlıdır. İnflyasiyaya bağlı olaraq Azərbaycanın ixrac etdiyi qeyri-neft məhsullarının da qiymət artımı baş verir. Bu da nəticədə həcm deyil, dəyər olaraq artımın yaşanmasına səbəb olur. Yaxşı olardı ki, paralel olaraq həcm artımı da olsun”.
N. Cəfərli Azərbaycanda təsnifatla bağlı dəyişikliklərə ehtiyac olduğunu vurğulayıb:
“Dünyada resurs və qeyri-resurs anlayışı geniş yayılıb. Azərbaycanda da bu təsnifata keçmək daha yaxşı olardı. Neft və qeyri-neft sektoru Rusiyada istifadə olunan anlayışdır. Məsələn, Azərbaycanda ən çox artan ixracatlardan biri elektrik enerjisidir. Bu qeyri-neft ixracına sayılır. Amma əslində elektrik enerjisi daha çox mazutdan və təbii qazdan alınır. Nəticələr sevindirici olsa da, qeyri-neft sektorunun həm təsnifatı, həm də həcmi sahəsində görüləcək işlər çoxdur”.