Gürcüstan Azərbaycanın regional strateji müttəfiqlərindən hesab olunur
Qonşu ölkələrlə münasibətdə Gürcüstan xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan öz enerji resurslarının Avropa bazarlarına çatdırılmasında, eyni zamanda Şərqdən Qərbə gedən yüklərin daşınmasında Gürcüstan mühüm tranzit rol oynayır. Azərbaycanla Gürcüstanı təkcə iqtisadi amillər deyil, həm də tarixi köklər birləşdirir. Azərbaycan-Gürcüstan dostluğunun çox qədim tarixi var və bu iki ölkə təkcə qonşu və dost deyil, həm də mühüm strateji tərəfdaşdır. Prezident İlham Əliyevin Gürcüstana işgüzar səfəri ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə vermək məqsədi daşıyır. Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin dəvəti əsasında həyata keçirilən səfər çərçivəsində ikitərəfli münasibətlərin gündəliyində duran aktual məsələlər müzakirə ediləcək. Səfər zamanı Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşü də nəzərdə tutulur. İki ölkə arasında münasibətlərdən danışarkən, ilk növbədə qarşılıqlı səfərlərə diqqət yetirmək zəruridir. Dövlət başçısının Gürcüstana sayca 11-ci səfəridir. Bundan əvvəl ötən il oktyabrın 24-də dövlətimizin başçısı Gürcüstanda işgüzar səfərdə olub. Eyni zamanda bu il aprelin 7-də Gürcüstanın Baş naziri İ.Qaribaşvili ölkəmizə işgüzar səfər edib. Bu iki səfər Azərbaycan Prezidentinin və Gürcüstan baş nazirinin görüşlərinin müntəzəmliyini artırıb. Səfərlərin paytaxtlara deyil, bölgələrə həyata keçirilməsi kimi yeni bir ənənə yaradıb. Azərbaycanla Gürcüstanı mehriban qonşuluq və tarixi dostluq əlaqələri, siyasi, iqtisadi, humanitar və digər sahələrdə strateji tərəfdaşlıq əlaqələri birləşdirir. Prezident İlham Əliyev bildirib ki, Gürcüstanla Azərbaycan arasındakı dostluq və qardaşlıq münasibətləri dərin ənənələr üzərində qurulub: "Əsrlər boyu xalqlarımız dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayıblar. Dövlətlərarası əlaqələr də bu möhkəm təməl üzərində qurulub. Strateji tərəfdaşlıq əlaqələrimiz demək olar ki, müttəfiqlik səviyyəsinə qalxıb. Çünki bir çox sahələr üzrə biz fəal əməkdaşlıq edirik". Gürcüstanın Baş naziri İrakli Qaribaşvili də iki ölkənin bu qədər yaxın olmasında Prezident İlham Əliyevin töhfəsini yüksək qiymətləndirib. O, ikitərəfli münasibətlərimizi belə xarakterizə edib: “Bizim ölkələrimiz arasında misilsiz dostluq əlaqələri və sıx münasibətlər var. Həmin münasibətlər tarixi əlaqələrimizə və qarşılıqlı hörmətə əsaslanır”. Xatırladaq ki, 1996-cı il martın 8-də imzalanan “Azərbaycan Respublikası ilə Gürcüstan arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizliyin möhkəmləndirilməsi haqqında Müqavilə” ölkələrimiz arasında strateji tərəfdaşlığın təməlini qoyan sənəddir. Ümumiyyətlə, Azərbaycan-Gürcüstan münasibətləri daim yüksək səviyyədə olub. Dövlətlərarası əlaqələrimizin zəngin tarixi var. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci il noyabrın 18-də qurulub. 2022-ci ildə münasibətlərimizin 30-cu ildönümü qeyd olunub. Qarşılıqlı hörmət və etimada əsaslanan Azərbaycan-Gürcüstan əlaqələri ötən illər ərzində dinamik inkişaf edib, ölkələrimiz arasında siyasi, iqtisadi, enerji, mədəni və digər sahələrdə səmərəli əməkdaşlıq formalaşıb. Ölkələr arasında regionlararası əməkdaşlıq həmçinin yüksələn xətlə davam edir. İki ölkənin bir sıra şəhərləri arasında birbaşa əməkdaşlıq əlaqələri qurulub. Azərbaycan ilə Gürcüstanın bir sıra şəhərləri arasında “qardaşlaşma” əlaqələrinə dair müvafiq memorandumlar imzalanıb. Ölkələr arasında əlaqələrin və əməkdaşlığın inkişaf dinamikası onu deməyə əsas verir ki, Azərbaycan-Gürcüstan münasibətləri gələcəkdə daha da genişlənəcək və yeni sahələri əhatə edəcək.
Millət vəkili Vüqar Bayramov deyib ki, Gürcüstan Azəbaycanın regional strateji müttəfiqlərindən hesab olunur. Deputatın sözlərinə görə, iki ölkə arasındakı ticarət dövriyyəsində son illər artım tendensiyası davam edilməkdədir:
"Ölkələrarası ticarət dövriyyəsi 2022-ci ildə 771.8 milyon, 2020-ci ildə isə 536.2 milyon dollar olub. Bu o deməkdir ki, son 3 ildə Azərbaycan ilə Gürcüstan arasındakı ticarət dövriyyəsində 44 faiz artım qeydə alınıb. 2023-cü ilin ilk 7 ayında isə ölkələr 520.3 milyon dollar qarşılıqlı ticarət dövriyyəsinə sahib olublar. Bu isə bu ildə də ticarət dövriyyəsindəki artım tendensiyasının qorunub saxlanacağından xəbər verir. Tərəflərin qarşılıqlı əməkdaşlığı eyni zamanda yaşıl enerji sahəsində daha da dərinləşməkdədir. 2022-ci il dekabrın 17-də Buxarestdə "Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş"in imzalanması bu imkanları daha da genişləndirib. Azərbaycan və Gürcüstan Avropaya "yaşıl enerji" körpüsü salmağa başlayır. 2027-ci ilədək istehsal olunancaq illik 3 qiqavat külək və 1 qiqavat günəş enerjisinin 80 faizi ixrac olunacaq. Orta Dəhlizin cəlbediciliyinin daha da artması Azərbaycan və Gürcüstanın beynəlxalq yükdaşımalar və nəqliyyat qovşaqları kontekstindən əhəmiyyətini daha da artırır. Bütövlükdə, hər iki ölkənin iqtisadiyyatının çox fərqli sahələrində əməkdaşlığı dərinləşməkdədir. Bu, Qafqazda dayanıqlı sülhün əldə edilməsi baxımından da vacib şərtlərdəndir".