Azərbaycanda qiymətli kağızlar bazarı inkişaf etməyib-SƏBƏB?

Bu ilin yanvar-noyabr aylarında "Bakı Fond Birjası" QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 21 milyard 836,902 milyon manat təşkil edib.
BFB xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 76,4 % çoxdur.
Son 1 ildə bağlanmış əqdlərin sayı isə 29,4 % artaraq 11 613 olub.
BFB-nin dövriyyəsinin 60 %-i və yaxud 13 milyard 098,741 milyon manatı repo əməliyyatlarının payına düşüb. Bu, illik müqayisədə 3 dəfə çoxdur.
Hesabat dövründə dövlət qiymətli kağızlarının dəyəri 10,7 % artaraq 7 milyard 400,511 milyon manat, korporativ qiymətli kağızlar bazarı üzrə əqdlərin dəyəri isə 4,9 % artaraq 1 milyard 337,650 milyon manat olub.

Mövzu ilə bağlı “Sherg.az”a danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, Azərbaycanda qiymətli kağızlar bazarı yetəri qədər inkişaf etməyib. Səhmdar cəmiyyətlərin səhm bazarının özü yeni-yeni inkişaf mərhələsinə qədəm qoyur:

 “Mərkəzi Bankın hazırki rəhbərliyi işə başladıqları andan etibarən qiymətli kağızlar bazarının dirçəlməsi və inkişafı üçün müəyyən adımlar atır. Məsələn, qiymətli kağızların dövriyyəsinin artması üçün Mərkəzi Bank qaydaları yumuşaldaraq şirkətlərə dəstək göstərir. Son zamanlar bir çox şirkətlər öz səhmlərini, istiqrazlarını sözügedən bazara yatırmağa başlayıblar. Bakı Fond Birjasında həcmlərin artmasının əsas səbəbi qiymətli kağızlar buraxan şirkətlərin sayının artmasıdır. Bunu vizual olaraq da görmək mümkündür. Belə ki, reklam çarxları yayılır. Müxtəlif şirkətlər öz qiymətli kağızlarını bazara çıxarmağa başlayıblar. İstənilən halda bazarda olan irəliləyişlər müsbət haldır. Azərbaycanda bazar iqtisadiyyatı insitutlarının möhkəmlənməsi üçün səhm bazarının da aktiv hala gəlməsinə ehtiyac var”.